“Halal” məhsullara qadağa qoyulur - RƏSMİ

“Halal” məhsullara qadağa qoyulur - RƏSMİ
  24 Fevral 2014    Oxunub:1161
“Halal” adı altında məhsul istehsal edən müəssisələrə markalanmadan “halal” sözünün çıxarılması ilə bağlı 1 aprel 2014-cü il tarixinədək vaxt verilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komitə tərəfindən AZS 757-2014 “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilib.

Bu standart “halal məhsul”ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir. Standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir. Əks halda sertifikatlaşdırılmayan məhsulların üzərində “halal” sözünün istifadəsinə qadağa qoyulacaq.

Beləliklə, 1 aprel tarixindən etibarən AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağan ediləcək. Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilmişdir. Onlar verilmiş bu müddət ərzində “halal” sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər. Yəni sertifikatlaşdırılmadan “halal” sözünün istifadəsi qadağan olunduğuna görə verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir. 1 aprel 2014-cü il tarixindən etibarən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti