Avtovağzallarda ciddi yoxlamalar başlayır
AzVision.az xəbər verir ki, bunu APA TV-yə açıqlamasınada Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, son illərdə avtovağzalların şəraitsizliyi ilə bağlı nazirliyə regionlardan şikayətlər daxil olub.
Bunu yerində araşdırmaq üçün artıq Nəqliyyat Nazirliyində xüsusi yoxlama qrupları yaradılıb: "Rayonlarda fəaliyyət göstərən avtovağzallar özəldir. Lakin buna baxmayaraq həmin sahibkarlar fəaliyyət göstərmək üçün icazəni Nəqliyyat Nazirliyindən alırlar. Hazırda nazirlik tərəfindən həmin avtovağzalların pasportlaşdırılması prosesi həyata keçirilir. Əgər həmin avtovağzallar nazirliyin müəyyən etdiyi tələblərə cavab verməsə, avtovağzal şəraitinə uyğun gəlməyən avtovağzallara pasport verilməyəcək. Pasportsuz avtovağzal lisenziyasız taksi kimidir, yəni qanunsuzdur".
Namiq Həsənov deyir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, bir sıra rayonlarda fəaliyyət göstərən avtovağzallar nəyinki avtovağzal standartlarına cavab vermir, hətta sadəcə avtostansiya kimi də fəaliyyəti qənaətbəxş hesab edilmir. Belə avtostansiya və avtovağzalların gələcək fəaliyyəti sual alında ola bilər: " Elə avtovağzallar var ki, sadəcə avtostansiyadır amma avtovağzal kimi fəaliyyət göstərir hansı ki, heç orda avtostansiya üçündə şərait də yoxdur. Bu cür qanun pozuntuları araşdırılacaq və onlara pasport verilməyəcək. Hətta onların gələcək fəaliyyəti sual altında qala bilər."
Qeyd edək ki, aparılacaq yoxlamalar rayon və şəhərlərdə fəaliyyət göstərən həm özəl, həm də dövlətin nəzdində olan avtovağzallarda həyata keçiriləcək.