İranla yük daşımalarındakı problemlər həll olunur
İclasda hər iki tərəf avtomobil əlaqələri sahəsindəki təbii işlərdən razılıq ifadə edib və iqtisadi əməkdaşlıq təşkilatı, TRASEKA və şimal-cənub dəhlizi çərçivəsində birgə əməkdaşlığın davam və inkişaf etdirilməsi istiqamətində anlaşma əldə olunub. Həmçinin tərəflər razılığa gəliblər ki, ehtiyac olarsa, iki ölkə arasında yeni avtobus xətlərinin açılması üçün lazımi addımlar atılsın.
İran tərəfi təklif edib ki, Biləsuvar və Astara gömrük keçid məntəqələrində avtobusların və iri tonnajlı yük maşınların tıxac və sıxlıq probleminin həlli üçün keçid məntəqələrinin iş saatı artırılsın, iri tonnajlı yük maşınların Bakı gömrüyündə dayanma müddəti azaldılsın. Qərara alınıb ki, bu məsələlər Azərbaycan tərəfindən araşdırılsın.
İran nümayəndə heyətinə İran İslam Respublikasının Nəqliyyat Nazirliyinin Avtomobil Yolları və Yük Daşımaları üzrə Baş İdarə rəisi Məhəmməd Cavad Ətrçiyan, Azərbaycan nümayəndə heyətinə isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov rəhbərlik edib.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Tehranda keçiriləcək.