Serbiya Azərbaycandan investisiya gözləyir

Serbiya Azərbaycandan investisiya gözləyir
  13 Fevral 2014    Oxunub:11995
2010-cu ildə Serbiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi bir neçə milyon avro səviyyəsində idisə, 2012-ci ildə 40 milyon avroya, 2013-cü ildə isə 60 milyon avroya yüksəlib. Serbiya Azərbaycana kənd təsərrüfatı məhsulları, neft-qaz sənayesi üçün avadanlıq, eləcə də mebel, tikinti materialları ixrac edir.
Serbiyanın Azərbaycandakı səfiri Zoran Voyoviç ölkənin milli bayramı - Dövlətçilik Günü münasibətilə Trend-ə müsahibəsində deyib ki, Serbiya və Azərbaycan infrastruktur obyektlərinin tikintisi layihəsi üzərində sıx çalışırlar: "Onlardan ən irisi Serbiyada Azərbaycan şirkətlərinin əsas podratçılar olduğu ikitərəfli avtomobil yolunun bir hissəsinin tikintisi layihəsidir. Azərbaycanlı investorlar habelə Kralevo şəhərində azad zonaların yaradılması və bir sıra digər layihələrdə iştirak edirlər".

Onun sözlərinə görə, Serbiya tərəfi strateji və siyasi münasibətlərə uyğun olaraq Azərbaycanın investisiyalarına maraq göstərir və azərbaycanlı tərəfdaşları Serbiyada investisiya yatırmağa cəlb etməyə çalışır.

Diplomatın fikrincə, bütün sahələrdə əməkdaşlığın uğurlu inkişafı üçün 26 saziş və müqavilədən ibarət kifayət qədər ciddi müqavilə-hüquq bazası yaradılıb. Daha bir neçə sənəd imzalanma ərəfəsindədir. Onların arasında iki ölkənin müvafiq nazirlikləri arasında səhiyyə və tibb sahəsində əməkdaşlıq haqqında memorandum layihəsi də var.

Səfirin sözlərinə görə, bütün ölkələr, o cümlədən Serbiya enerji daşıyıcılarının tədarükündə və onların marşrutlarının şaxələndirilməsində maraqlıdırlar: "Serbiya Rusiya ilə müqavilə imzalayıb, Qara dənizin dibi ilə Bolqarıstana, Serbiyaya və Avropanın digər ölkələrinə çəkiləcək "Cənub axını" qaz kəmərinin tikintisinə hazırlıq gedir. Digər tərəfdən, əgər söhbət şaxələndirmədən gedirsə, o zaman Serbiya bir hissəsinin Yunanıstanla Bolqarıstan arasında tikilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri ilə də qaz almağa maraq göstərir".


Teqlər:





Xəbər lenti