“Kredit qadağası şirkətləri müflis edəcək”- SOS

“Kredit qadağası şirkətləri müflis edəcək”- SOS
  12 Fevral 2014    Oxunub:1125
Azərbaycanda mənzillərin kreditlə satışına qoyulan məhdudiyyətlər alıcılarla yanaşı tikinti şirkətlərinin də ciddi narahatlığına səbəb olub. Mərkəzi Bankın qəbul etdiyi qadağayla inşa etdikləri hündür mərtəbəli binaları nəğd pulla satmaqda çətinlik çəkən şirkətlərin kredit bazarı qismən də olsa bağlandı.
Kredit qadağasının iqtisadi tərəflərini AzVision.az-a şərh edən ekspert Vüqar Bayramov hesab edir ki, Mərkəzi Bankın bu addımı bəzi şirkətlərin müflisləşməsinə gətirib çıxaracaq.

Ekspert həmçinin Mərkəzi Bankın bu addımı atmasının əsas səbəbini izah edib:

“Tikinti şirkətləri inşa etdikləri mənzilləri orta və uzunmüddətli kredit formasında vətəndaşlara verirdilər. Mənzili aldıqdan sonra isə vətəndaşların onun dəyərini müəyyən müddətdən sonra tikinti şirkətinə ödəyirdi. İndi bu məhdudlaşdırılıb.
Bəs, bu nə üçün məhdudlaşdırılıb? Ümumiyyətlə, bu məsələdə kommmersiya banklarının kredit verilməsini məhdudlaşdırılmasının təsiri var. Çünki tikinti şirkətləri adətən kommersiya bankından kredit alırdı. Və bankdan kredit alması ona imkan verirdi ki, şirkətin özü də mənzilləri kredit formasında vətəndaşlara təqdim etsin”.

Vüqar Bayramovun fikrincə, bu qərarın verilməsi əmlak bazarından daha çox, tikinti şirkətlərinə təsiri olacaq:

“Çünki nəzərə alsaq ki, tikinti şirkətləri adətən öz mənzillərinin bir hissəsini kredit formasında satırdılar. Onlar həm inşası başa çatan, həm də yeni inşa edilən mənzillərin kredit formasında satışını həyata keçirirdilər. Amma kreditlərə tətbiq edilən məhdudiyyətlər tikinti şirkətlərinin tətbiq etdiyi mənzillərə tələbatı azaldacaq. Tələbat azaldığı üçün birmənalı şəkildə bu tikinti şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərəcək. Hətta məhz satışın azalması səbəbindən bir neçə tikinti şirkətinin müflis olacağı proqnozlaşdırılır. Əgər mənzil kreditlərinin verilməsi ilə bağlı təklif edilən şərtlər ağır olaraq qalacaqsa, bu tikinti şirkətlərinin bir qisminin müflisləşməsinə səbəb olacaq”.

Ekspert onu da bildirib ki, bu məsələnin əmlak bazarına təsiri gözlənilmir: “Çünki əmlak bazarına tələbat yüksəkdir. Çünki həm söküntülər gedir, həm də eyni zamanda bazarda süni qiymət artımı var, bu da mənzillərin qiymətinin azalmasına gətirib çıxarmayacaq. Əksinə tikinti şirkətlərinin fəaliyyətinə təsir göstərəcək və qeyd etdiyimiz bu kimi tikinti sektorunda durğunluğun yaranmasına səbəb ola bilər”-deyə, Vüqar Bayramov əlavə edib.

Qeyd edək ki, Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanıb. Belə ki, Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidirlər. İlkin ehtimallara görə, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı isə minimum 600-700 manat təşkil etməlidir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti