Türkiyənin Kanal D telekanalı yeni ŞOK iddia ortaya qoyub. AzVision.az “Doğan” agentliyinə istinadən xəbər verir ki, İstanbuldakı “rüşvət əməliyyatı” çərçivəsində övladları həbs edilən üç nazirin (iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktar) toxunulmazlığının ləğvi ilə bağlı prokuror tərəfindən Türkiyə parlamentinə vəsatət hazırlanır. Prokurorluğun araşdırmaları üç nazirlə bitmir. Məlumata görə, adı hələ açıqlanmayan daha bir nazirlə bağlı materiallar cinayət işinə daxil edilib. Onun azərbaycanlı iş adamı Rza Zərrabdan 1,5 milyon dollar rüşvət alarkən görüntüləndiyi iddia edilir.
Qeyd edək ki, İstanbulda həyata keçirilən “rüşvət əməliyyatı”nda həbs olunanların sayı 52-yə çatıb. Musavat.com-un “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, iki nazir oğlunun da olduğu 29 nəfər Maliyyə cinayətləri şöbəsi tərəfindən, 1 nazir oğlu ilə bərabər 23 şübhəlinin isə Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsi tərəfindən həbs edilib. Həbs edilən “Halk Bankı”ın baş direktoru Süleyman Aslanın həyat yoldaşı da həbs edilib. İstanbul bələdiyyəsinin keçmiş katibi Məsud Pektaş da həbs olunanlar arasındadır.Həbsdəki şəxslər vəkilləri ilə görüşsələr də, hələ ifadə verməyiblər.
Axşam saatlarında azərbaycanlı iş adamı Rza Zərrab isə həkim müayinəsindən keçirilib və yenidən İstanbul polis şöbəsinə aparılıb.