CİA “ASALA dosyesi”ni açıqladı

CİA “ASALA dosyesi”ni açıqladı
  17 Dekabr 2013    Oxunub:1798
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi “Azad informasiya haqqında” qanuna əsasən 1984-cü ildə erməni terror təşkilatlarının (JCAG, ASALA və s.) ABŞ və dünya üzrə fəaliyyətlərini ümumiləşdirən hesabatı yayımlayıb. Hesabatda xüsusən ASALA təşkilatının şəbəkə və təşkilatlanmasından danışılır.

“Ermənistanın Azadlığı naminə Erməni Gizli Ordusu (ASALA) ABŞ-ın bir çox siyasi maraqlarına böyük təhlükə törədir. ASALA-nın əksər hücumları türklərə qarşı yönəlsə də, Qərbi Avropa və ABŞ-dakı bəzi obyektlər də hədəfə alınıb. Bundan başqa, Liviya və Suriya ilə əlaqələrin artması marksist oriyentasiyaya malik ASALA-nın daha artıq anti-Amerikan təsirə məruz qalmasına səbəb olacaq”, - deyə yayımlanan sənədlərdə deyilir.

Hesabatda həm də, deyilir ki, terror təşkilatının hədəfləri yalnız türklər olub. Bəzi Qərbi Avropa ölkələrinin yerli əhaliyə qarşı hücum etməmək şərti ilə ASALA təşkilatına türk hədəfləri nişan almasında sərbəstlik verib.

Hesabatda deyilir ki, ASALA ilə olan razılaşma türkləri çox qəzəbləndirib və onlar Avropanın laqeydliyini, ASALA-nın terrorizminin himayə olunduğunu bildiriblər.

Bəzi uğursuzluqlara rəğmən, əsas erməni terror təşkilatları öz fəaliyyətinin özəyini saxlayıblar. ASALA VƏ JCAG 1975-ci ildən bəri 50-dən artıq Türkiyə vətəndaşını və rəsmisini öldürüb, 200-dən artıq partlayış təşkil ediblər. “Son 4 ildə ASALA-nın kortəbii zorakılığının nəticəsi çoxsaylı itkilərin olmasıdır. ASALA daxilində və Ermənistan siyasi partiyaları arasındakı bölünmə terror riskini artırır. Xüsusən, erməni icmasının diqqətini cəlb etmək üçün mübarizə aparan qruplaşmalar Qərbi Avropada terror riskini çoxaldır”,- deyə hesabatda deyilir.

Sənəddə 1975-ci ilin yanvarından 1983-cü ilin dekabrınadək erməni terrorçularının aksiyalarının xronologiyası da verilib.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti