İçənlərin xurafatı – Murad Köhnəqalanın yazısı

  21 May 2019    Oxunub : 2179
 İçənlərin xurafatı – Murad Köhnəqalanın yazısı
Dini xurafatlar bir yana, cəmiyyətimizdə çoxlu məişət xurafatı mövcuddu. Məsələn, bəzi rayonlarda belə bir adət var: Çayxanada ortaya qoyulan çaynikin lüləsi stolun ətrafında toplaşmış adamların hansını göstərirsə, o adam özünü təhqir olunmuş sayır.
Ona görə, belə rayonlarda çayçı işləmək qır qazanının üstündə kəndirbazlıq eləmək kimi bir şeydi. Allah eləməmiş, çaynikin lüləyini cayılların biri tərəfə qoysan, qarnına nağd üç bıçaq girməlidir. Aşağı yeri yoxdur! Söhbət çox ciddidir, endirim ola bilməz!

Papağın namus sayılması çox yerlərdə hələ də qüvvədədir. Oturub öz qəhrəman gəncliyindən goplayan bir kişinin papağını bir uşaq maraq üçün başından alıb qaçsa, o uşağı çox ciddi cəzalar “məcəlləsi” gözləyir.

Elə bölgələrimiz var, orada hələ də gənc ana qayınatasının yanında, oğul öz atasının yanında uşağına yaxınlaşmır. Uşağı qucağına almaqdan isə söz gedə bilməz.

Bir məzəlisi də var! Kişilər söhbət əsnasında öz uşaqlarından, həyat yoldaşından danışmalı olanda mütləq üzr istəyirlər. Məsələn, belə: “Kirvə axşam qonaq gəlmişdi, dönə-dönə üzr istəyirəm, yoldaşım yaxşı plov dəmləmişdi. Yaxud da belə: “Üzr istəyirəm, uşağı əsgər aparmaq istəyirdilər, boyu, çəkisi çatmadı”.

Mən başa düşmürəm, evlənməyən adama pis baxan bir cəmiyyətdə həyat yoldaşından söz açanda nə üçün üzrxahlıq eləyirlər? Həm də dünyaya gətirdiyin övladından danışanda ətrafdakılardan nə üçün üzr istənilməlidir? Arvad-uşağı olmaq çoxmu biabırçılıqdı? Belədisə, hamımız rüsvay olmuşuq ki!

Yadıma bir “alkaş xurafatı” düşdü. Bakıda mənim bir sinif yoldaşım yaşayır. Günlərin bir günü onunla görüşəndə yaxınlarda kəndə toya getdiyini söylədi. Bir az ordan-burdan, öləndən-itəndən danışdıqdan sonra toyun necə keçdiyini soruşdum. Dedi, qadan alaram, bircə onu soruşma! Qayıdıb soruşdum ki, ayə, doğrudan, nolub sənə, bayaqdan hər şeydən danışırsan, toy söhbəti gələn kimi araya söz qatırsan? Dedi, qardaş, başıma elə bir iş gəlib, heç bilməsən yaxşıdı. Maraq məni lap bürüdü.

Dirəndim ki, mən ölüm, nolub? Dedi, nə başını ağrıdım, özümü biabır eləmişəm. Dedim, a kişi, danış dana, ürəyimizi niyə partladırsan? Dedi, qardaş, kənddə içib özümü biabır eləmişəm! Dedim, əə, adam toyda içər, dana! Dedi, elə içməyi andıra qalsın, mən adam kimi içmirəm ki! Toydan necə çıxmışam, evə necə, kiminlə gəlmişəm, xəbərim olmayıb. Səhər oyananda baxdım ki, üst-başım bütün palçıqdı. Elə bil, məni qəsdən bataqlığa soxub çıxarmışdılar. Fikirləşdim, yəqin, ağlımı itirib, kiminləsə dalaşmışam.

Sonra məlum oldu ki, stolda oturduğum dost-tanışın hamısının xətrinə dəymişəm. Toy mağarından çıxanda baxıblar ki, ayaq üstə güclə dayanıram, cavanlardan bir-ikisi deyib, Bakıdan gəlib, kəndçimizdir, ayıbdır, camaat bunu bu vəziyyətdə görməsin, qoluma girib məni evə gətirmək istəyiblər. Onları da acılamışam ki, “piyan” ha deyiləm. Yazıqlar məcbur olub məni buraxıblar. “Səkkiz” yaza-yaza evə gələndə yolun kənarındakı balaca arxa yıxılmışam. Bir gün əvvəl yağış yağdığından hər yan palçıq idi. Suya yıxılanda birtəhər ayağa durmaq istəmişəm. Ayağa qalxmaq istəyəndə bir də yıxılmışam. Beləcə, bir neçə dəfə palçıqlı suyun içində eşələnmişəm. Əhvalatı həmin toyda olan kiçik qardaşıma çatdırıblar. O da dərhal arxamca çıxıb, gəlib görüb ki, yerdə eşələnirəm. Məni birtəhər maşına soxub evə aparıb.

Sinif yoldaşımın bu məzəli əhvalatını dinləyəndən sonra qınaq tonunda dedim, a kişi, az iç dəə! Ağlını itirənə qədər içmək çoxmu vacibdir?

Bax, məsələnin ən vitaminli yeri bundan sonrakı söhbətdədi. Qadasın aldığım gözlərini döyərək üzümə baxıb dedi: Necə az içəydim? Badələri doldurub sağlıq deyirdilər, sağlığı dinlədikdən sonra da badələri döyüşdürməlisən. Özün bilirsən dəə, badələri döyüşdürdükdən sonra onu dibinə qədər içməmiş yerə qoymaq olmaz!

Xeyli güləndən sonra dedim, ay qardaş, “döyüşdürdükdən sonra içməmiş yerə qoymaq olmaz” qanunu hansı “alkaş” konstitusiyasında yazılıb?

Murad Köhnəqala
Azvision.az


Teqlər: Xurafat   Adətlər