“Yeni ilin ASAN Həyat Yarmarkası” - FOTOLAR

  04 Yanvar 2019    Oxunub : 3412
 “Yeni ilin ASAN Həyat Yarmarkası” - FOTOLAR
28 dekabr 2018-ci il tarixindən 5 yanvar 2019-cu il tarixinədək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Quba “ASAN Həyat” kompleksində “Yeni ilin ASAN Həyat Yarmarkası” təşkil olunub.
Azvision.az xəbər verir ki, yarmarkanın əsas məqsədi regionun sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək, asudə vaxtın səmərəli təşkilini təmin etməkdir.

Yarmarkada müxtəlif yerli şirkətlərin məhsullarının satışı həyata keçirilir, həmçinin burada xidmət göstərən "ABAD" Food truck-larında ABADçıların əl işləri sərgilənir.



Bu gün bir məqsədlə KİV nümayəndəsinin yarmarkaya səfəri təşkil olunub. "ASAN Həyat" kompleksləri ilə iş şöbəsinin müdiri İlqar Vahabov bildirib ki, bu tədbirləri silsilə şəklində davam etdirəcəklər. Onun sözlərinə görə, əsas məqsəd Qubanın kiçik və orta sahibkarlıq məhsullarının tanıtımıdır.

"Kiçik və orta sahibkarlar öz məhsullarını rahat şəkildə təqdim edə bilirlər. Növbəti bayramlarda da bölgələrimizdə belə yarmarkalar təşkil olunacaq".



Şöbə müdiri qeyd edib ki, xarici turistlər yarmarkanı maraqla qarşılayır: "Qubaya yerli və xarici turistlər səfər edir. Onların yarmarkada iştirakı təmin olunub. Yarmarkada əsasən Səudiyyə Ərəbistanından, Küveytdən olan turistlər iştirak edib və onlarla fikir mübadiləsi aparmışıq. Rusiya və İrandan da qonaqlarımız olub. Dekabrın 30-da bayram konsertimiz baş tutub. Həmin konsertə 1000-dən çox yerli sakin qatılıb".



Şirniyyat satan Mirzağa Mirzəyev isə deyib ki,turistlər ən çox paxlava çeşidləri və "ASAN" sözü yazılan tortları alırlar: "Satdığımız şirniyyatlardan turistlər də alır. Ən çox maraq göstərənlər isə ərəblərdir".

Satıcı Şıxseyid İsbatov bildirib ki, yarmarkaya həm yerli əhali, həm də turistlər böyük maraq göstərirlər. Onun sözlərinə görə, turistlər daha çox Səudiyyə Ərəbistanıİrandan gələnlərdir.



"ABAD-ın 200-ə yaxın əl işi satışa çıxarılıb ki, təxminən 50-dən çoxu satılıb. Qiymətlər 5 manatdan 81 manata qədər dəyişir. Ən çox maraq göstərilən əl işləri tar, kaman və qaval dəstləridir. Həmçinin üzərində əl işləri olan stəkan-nəlbəki dəstinə də maraq böyükdür".



Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə bərabər, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.







Anar Kəlbiyev
Azvision.az

Teqlər: ASAN-Xidmət   Yarmarka