“Ərəb Lourens”in alman rəqibi: Fars Vasmus – KƏŞFİYYAT TARİXİ

   “Ərəb Lourens”in alman rəqibi: Fars Vasmus –    KƏŞFİYYAT TARİXİ
  18 Dekabr 2018    Oxunub:24974
Fars Vasmus da Ərəb Lourens kimi öz dövlətinin Orta Şərqdə qeyri-leqal mövqelərdən apardığı kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak etmişdi. Vasmus 1883-cü ildə anadan olmuşdu. Onun gəncliyi haqda çox az məlumat var. Yalnız o bəllidir ki, Vasmus 1914-cü ildə İranın Buşəhr şəhərində çox da yüksək maaşı olmayan, lakin nüfuzlu konsul vəzifəsində işləyib. O, ixtisasca şərqşünas idi və həm klassik fars dilini, həm də İranın müxtəlif tayfalarının ləhcələrini mükəmməl bilirdi.
Təbiətcə Viktorian dövrünün tipik müstəmləkəçisi təfəkkürünə malik olan Vasmus hesab edirdi ki, dünya ağdərili insana, xüsusilə almanlara tabe olmalıdır. O, Şərqə heyranlığını heç zaman gizlətmir və yerli adət-ənənələr haqqında çoxlu biliklər əldə edərək, praktikada daim ona riayət etməyə çalışırdı. Bu da yerli nüfuzlu tayfa başçıları arasında ona dərin hörmət qazandırmışdı.

Özünü “Quranın müdafiəçisi” elan etmiş Almaniya kayzeri II Vilhelm gənc konsulun yerli əhali ilə qurduğu xoş münasibətlər barədə məlumatlı idi. Onun şəxsi göstərişilə Vasmusun maaşı, habelə təbliğat və təmsilçilik işinə büdcədən ayrılan vəsait artırılmışdı.

Birinci Dünya müharibəsi ərəfəsində İran geridə qalmış, əhalisi savadsız ölkə idi. Rusiya, Böyük Britaniya, Almaniya kimi böyük dövlətlərin burada təsiri o qədər güclü idi ki, bəzən onlar özlərini ölkənin ayrı-ayrı əyalətlərinin ağası kimi aparırdılar. Burada daha çox ingilislərlə almanlar arasında neft uğrunda elan olunmamış müharibə gedirdi. Beynəlxalq razılaşmaya əsasən asayişi qorumaq məqsədilə neft olan rayonlarda İsveç qoşunlarından ibarət neytral jandarmeriya yaradılmışdı. Lakin Vasmus həmin jandarmeriyanı ələ almağı bacardı. Almaniya və Böyük Britaniyanın əks cəbhələrdə olduqları Birinci Dünya müharibəsi başlayanda ingilislər bu faktı İranın neytrallığının kobudcasına pozulması kimi qiymətləndirdilər və öz ordularının köməyi ilə nüfuz dairələrini genişləndirməyə başladılar.

Britaniyalılar nəzarət etdikləri İran ərazilərindən alman diplomatları təcili çıxmalı oldular. Vasmus qətiyyətlə bundan imtina etdiyi üçün ingilislər tərəfindən internə edildi. O, arzuolunmaz şəxs və düşmən əcnəbi kimi ev həbsinə alındı, əmlakı müsadirə olundu. Ertəsi gün isə o, İrandakı Britaniya mənzil-qərargahına getməli idi. Gecə Vasmus öz atında guya ağır xəstəlik aşkar etdiyini bildirdi. Bu hal heyvanın daimi müşahidə altında olmasını və tez-tez dərman qəbul etməsini tələb edirdi. Bütün gecəni hər on-on beş dəqiqədən bir o, iki əsgərin müşayiəti ilə atın yanına tövləyə gedərək ona baş çəkirdi. Nəhayət, bundan bezən əsgərlər ona öz atına təkbaşına baş çəkməyə icazə verdilər. Fürsətdən istifadə edən alman konsul əvvəlcədən tövlədə gizlətdiyi içində yüz qırx min marka qızılla dolu saman torbasını da götürərək aradan çıxdı.

Vasmusun dağlarda qəbilə başçısı olan nüfuzlu, döyüşkən dostları var idi. Onların köməyi ilə Vasmus Britaniya imperiyası ilə qeyri-bərabər mübarizəyə başladı. O, İranda alman xüsusi xidmət orqanlarının rezidenti kimi hərəkət edirdi. Onun vəzifəsi təkcə Yaxın Şərqdəki alman qoşunlarının komandanı general Liman fon Sanders üçün məlumat toplamaqdan ibarət deyildi. O, bütün cənubi İranı Almaniyanın nüfuz dairəsinə daxil etmək, Britaniyanın İran neftini ələ keçirməsinə mane olmaq, dağlarda yaşayan yerli tayfaları ingilislərə qarşı üsyana qaldırmaq istəyirdi.



Xüsusən farslar arasında öz mövqeyini daha da möhkəmləndirmək üçün Vasmus görünməmiş addım ataraq, nüfuzlu tayfa başçılarından birinin qızı ilə evləndi. O, bunu iki “böyük və ali irq”in – almanların və farsların birlik rəmzi kimi qiymətləndirdi. Yerli adətlərə görə toyun bütün xərcini gəlinin atası çəkməli idi. Lakin Vasmus təkid etdi ki, bunu özü etsin (həmin pullar Almaniya xüsusi xidmət orqanlarının hesabından götürülürdü). Gəlinin atasına və çoxsaylı qonaqlara, həm varlı tayfa başçılarına, həm də sadə insanlara onların mövqeyinə və agent kimi dəyərliliyinə müvafiq olaraq hədiyyələr paylandı. Vasmusun sadiq köməkçisi alman Bruqman elə oradaca qonaqları konfidensial əməkdaşlığa cəlb edirdi. Sonralar Britaniya kəşfiyyatı müəyyən etmişdi ki, toydakı qonaqların yarısı Vasmusun Hindistan, Süveyş və Dəclə-Fərat sahillərinə, Fars körfəzinədək uzanan casus şəbəkəsinə daxil ediliblər.

Kəşfiyyat nöqteyi-nəzərindən Vasmusun nəzarət etdiyi ərazilər çox əlverişli mövqedə yerləşirdi. Britaniya kəşfiyyatı ayda iki dəfə xidməti istifadə üçün Şərqdəki döyüş əməliyyatları aparılan ərazilərin xəritəsini çap edirdi. Dörd ildən artıq bir müddətdə İranın İngiltərə və Fransanın birlikdə götürülmüş ərazisi qədər hissəsi xəritədə dairəyə alınmış və orada qırmızı hərflərlə “Vasmus” yazılmışdı.

Vasmus Yaxın Şərqdəki dənizlərdən keçməklə Hindistan və Avropa arasındakı yollara nəzarət edən çoxsaylı kiçik gəmilər kirayəyə götürmüşdü. Beləliklə, o, bütün hərbi və sərnişin daşımacılığı barədə məlumat toplaya bilirdi. Vasmusun agenturası Fələstin, Dardanel boğazı, Mesopotamiya, hətta Şərqi Afrikada məlumatlar əldə etməklə məşğul idi. O, ideal əlaqə üsulları işləyib hazırlamışdı ki, bunun nəticəsində minimal zaman kəsiyi ilə alman komandanlığına müttəfiq qoşunlarının qüvvəsi və hərəkət trayektoriyası barədə məlumat ötürülürdü.

Vasmusun ən iri, strateji uğurlarından biri onun Altıncı türk ordusunun və Mesopotamiyadakı birləşmiş alman-türk qoşunlarının komandanı general Kolmar Vilhelm Leopold fon der Qoltsa kömək etməsi olmuşdu. Vasmusun agentləri Bağdada hücum edən ingilis qoşun birləşmələrinin komandanı general Çarlz Taunsgendin Dəclə çayı boyunca hərəkət edən ordusunun bütün manevrləri barədə hərtərəfli məlumata malik idilər. O, Kut əl-Amar yaxınlığında türk qoşunlarını məğlubiyyətə uğratmağa nail olmuşdu. Ktesifon yaxınlığında Taunsgendi general Qoltsun başçılığı altında “İraq” ordu qrupuna daxil olan iki türk korpusu gözləyirdi. Vasmus ingilislərin zərbə istiqaməti barədə onları məlumatlandırmışdı.

1915-ci il noyabr ayının 23-də Ktesifon yaxınlığındakı döyüşdə qalib olmasa da, Taunsgend Kut əl-Amara geri çəkilməyə məcbur oldu. Burada isə onu türk qoşunları mühasirəyə aldılar. Nə rus, nə də ingilis qoşunlarının mühasirədəkilərə yardım etmək cəhdləri heç bir nəticə vermədi. Mesopotamiyadakı silahlı qüvvələrin baş komandanı təyin olunan ingilis generalı Persi Leyk bir o qədər də fəallıq nümayiş etdirmirdi. Vasmusun agentlərində olan məlumatlara görə onun ordusu azsaylı idi, ərzaq, dava-dərman və silah-sursatla yaxşı təmin olunmurdu və tez-tez Vasmusun xidmətində olan tayfaların hücumlarına məruz qalırlar. Bu məlumat Qoltsa imkan verdi ki, Leykdən qorxmadan qalanın müdafiəsini möhkəmləndirsin. Vasmusun agentlərindən biri belə bir mühüm məlumat vermişdi: Mesopotamiyada rus təsirinin artmasından ehtiyat edən Leyk Rusiya komandanlığının İranda ingilis qoşunları ilə birləşərək türk qoşunlarına qarşı birgə mübarizə aparmaq təklifindən imtina etmişdi.



Leykin dörd dəfə Taunsgendi mühasirədən çıxarmaq üçün göstərdiyi səylər heç bir nəticə vermədi. Yüz qırx günlük blokadadan sonra 1916-cı il aprel ayının 29-da bütün ərzaq ehtiyatları tükənmiş və artilleriyası sıradan çıxarılmış Taunsgend silahı yerə qoymağa məcbur oldu. Mesopotamiya Osmanlı imperiyasının məğlub olmadığı yeganə döyüş əməliyyatları zonası oldu.

Öz təhlükəli rəqiblərini aradan götürmək istəyən İngiltərə kəşfiyyatı Vasmusu ölü və ya diri gətirənə üç min funt sterlinq mükafat veriləcəyini vəd etdi. Tədricən mükafatın məbləği artırıldı və 1917-ci ildə onun miqdarı beş dəfə artırıldı. Nə qədər qəribə olsa da, mükafatın bu qədər çox olması əksinə, onun potensial alıcılarını qorxudurdu. Çünki Şərqdə insan həyatı bir o qədər də yüksək dəyərə malik deyildi və heç kəs bir adama görə bu məbləğdə mükafatın veriləcəyinə inanmırdı.

1916-cı ildə Vasmus ingilislərin diqqətini əsas hədəfdən yayındırmaq üçün əfqan tayfaları arasında qiyam qaldırmağa cəhd göstərdi. O, bu məqsədlə çoxlu qızıl pullar sərf etsə də, bunun bir nəticəsi olmadı. Əvəzində onun dəniz kəşfiyyatı uğurlu fəaliyyət göstərirdi. Hindistandan, Avstraliyadan və Yeni Zelandiyadan gələn bütün hərbi gəmilər barədə Vasmusa vaxtlı-vaxtında və dolğun məlumat çatdırılırdı. 1916-cı ildə o, döyüşkən tayfaları silahlandıraraq min nəfərlik ingilis qoşunun əl-qolunu bağlayaraq onları hərəkət etməyə qoymadı. İngilislər blokadanı aradan qaldırmaq üçün Fars körfəzinə “Vasmus donanması” adlandırdıqları dörd hərb gəmisi göndərməyə məcbur oldular. Həmin gəmilər Vasmusa kəşfiyyat materialları və hərbi təchizat çatdıran yelkən gəmilərini tutub saxlamalı idilər.

Birinci Dünya müharibəsində Almaniyanın mövqelərinin zəifləməsi Vasmusun da vəziyyətinin pisləşməsinə səbəb olurdu. O, yerli farsdilli tayfaları alman qoşunlarının qələbələri haqda əfsanələrlə ruhlandırmağa çalışırdı. Hətta bir dəfə belə bir şayiə yaydı ki, alman ordusu İngiltərəni zəbt edib, kral Georqu isə hamının gözü qarşısında edam edib. İranda belə şayiələrə həvəslə qulaq asır və sadəlövhcəsinə inanırdılar.

Belə olduqda Vasmus yeni plan işləyib hazırladı. Öz dostu və köməkçisi Bruqmanı Hindistana göndərərək yerli tayfa başçılarını öz tərəfinə çəkməyə çalışan Vasmusun planını ingilislər pozdular. Bruqman həbs olundu və müharibə başa çatanadək həbs cəzasına məhkum olundu. Ona qədər isə Vasmusun digər bir əlaltısı isveçli doktor Lindberq həbs olunmuşdu. Beləliklə Vasmus artıq ona düşməncəsinə münasibət bəsləməyə başlayan tayfaların arasında tək qaldı. Avropadan Almaniyanın məğlubiyyəti haqda məlumatlar gəlməyə başladığı üçün onlar qalibin yanında olmağa çalışırdılar.

1918-ci ilin sonlarında Almaniya tam məğlubiyyətin astanasında idi. Artıq Vasmusa heç kim inamırdı və borc sahibləri onu sıxışdırmağa başlamışdılar. Hətta bir dəfə Vasmus onu əhatəyə almış düşmən tayfasının mühasirəsindən guya xəlifənin özü ilə telefon danışığı aparırmış kimi əfsanə uydurmasından sonra xilas ola bilmişdi. 1918-ci ildə Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərlə Almaniya və onun müttəfiqləri arasında sülh müqaviləsi bağlandıqdan sonra Vasmus qaçaraq gizləndi və bir daha heç zaman insanlar arasında görünmədi.

Nəzakət Məmmədova
Azvision.az



Teqlər: Kəşfiyyat   Fars-Vasmus  





Xəbər lenti