Piyadaları vurub qaçan sürücülər tapıldı

Piyadaları vurub qaçan sürücülər tapıldı
  23 Noyabr 2018    Oxunub:4419
Bakıda piyadaları vuraraq hadisə yerindən qaçan sürücülər tutulub.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, noyabrın 18-də Bakı şəhər sakini Samir Ağacanovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, paytaxt sakini Səidə Xəlilova Nizami rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə noyabrın 17-də Bakı şəhər sakini Elman Salehovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hummer H-3” markalı avtomobilin sürücüsü saxlanılıb.

Eyni zamanda noyabrın 22-də saat 18 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Maştağa qəsəbə sakini Elvira Əlirzayeva vurulub və o, xəstəxanaya yerləşdirilib. Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin və Xəzər rayon Polis idarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Binə qəsəbə sakini Hicran Həsənov olması müəyyən edilərək saxlanılıb.

Bundan başqa, noyabrın 22-də saat 6 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 25-30 yaşlı kişi vurulub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev olması müəyyən edilərək saxlanılıb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti