12 tondan çox narkotik məhv edilib

12 tondan çox narkotik məhv edilib
  30 İyul 2018    Oxunub:3517
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, iyulun 28-29-da polis əməkdaşlarının, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 17 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1 kiloqramdan artıq heroin, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 513 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb, çəkisi 6 tondan artıq olan 8 min ədəd çətənə kolu məhv edilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Şahlar Qasımovdan 1 kiloqramdan artıq heroin götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vəli İmanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Balakən Rayon Polis Şöbəsi, DİN Daxili Qoşunlar Baş İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət qoruğunun Balakən rayonunun Gərəkli kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 500 ədəd çətənə kolu və çəkisi 15 kiloqram 665 qram olan marixuana aşkar edilərək götürülüb, Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2 tondan artıq 3254 ədəd çətənə kolu məhv edilib.

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri tədbirlər nəticəsində rayonun Kəpənəkçi, Uzunqamalar və Yuxarı Tala kəndləri ərazilərində yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 4900 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti