Şəhid Adil Tatarov nümunəvi əsgər olub - FOTOLAR

Şəhid Adil Tatarov nümunəvi əsgər olub - FOTOLAR
  21 May 2018    Oxunub:20093
Naxçıvanda düşmən təxribatı nəticəsində şəhid olan əsgər Adil Tatarov bu gün dəfn olunacaq.
AzVision.az-ın məlumatına görə, şəhidin cənazəsi Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində torpağa tapşırılacaq.



Kəndin icra nümayəndəsi Nürəddin Yaqubəliyev AzVision.az-a bildirib ki, hazırda dəfn mərasiminə hazırlıq işləri görülür.

"Şəhidin cənazəsi gecə saat 1-də ailəsinə təhvil verilib. Bu gün doğulduğu kənddə torpağa tapşırılacaq. Artıq yas çadırı qurulub, dəfnə hazırlıq görülür".



İcra nümayəndəsinin sözlərinə görə, şəhid Adil Tatarov hərbi xidmət zamanı nümunəvi əsgər olub.

“Adil məktəbi bitirdikdən sonra 18 yaşında əsgərliyə gedib. Hərbi xidmətin bitməsinə 4 ay qalmışdı, oktyabrda qayıdacaqdı. Hərbi xidmətdə olduğu dövrdə fəxri fərmanlar alıb, nümunəvi əsgər olub”.



N.Yaqubəliyev Adil Tatarovun ailəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu söyləyib: “Atasının torpağı var, əkinçiliklə məşğuldur, mal-qara da saxlayırlar. Dolanışıqları əkinçilik və heyvandarlıqdan çıxır. Adil 4 bacının bir qardaşı idi. Bacılarının 3-ü evlənib, kiçik bacısı 2-ci qrup əlildir, əqli cəhətdən problemi var və tam danışa bilmir. Adil kəndin ən mərifətli, intizamlı oğlanlarından idi. Hər yerdə seçilirdi”, - deyə icra nümayəndəsi vurğulayıb.



Qeyd edək ki, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Şəhid Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub.

















Aytən Zəhra
AzVision.az


Teqlər: Şəhid   Adil-Tatarov  





Xəbər lenti