Qarabağa gedən avropalı siyasətçi Azərbaycandan üzr istədi
Məktubda qeyd olunur: “Ermənistana səfərin tərkibi olaraq bizim yerli tərəfdaşlar nümayəndə heyəti üçün bir sıra turist proqramları hazırlamışdılar. Turizm xarakterli gəzintiyə çıxmamışdan əvvəl mən yerli tərəfdaşlarımızın bizi işğal olunmuş Dağlıq Qarabağa aparacaqları barədə tamamilə məlumatsız idim. Belə ki, yola düşəcəyimiz vaxtda məqsədyönlü şəkildə səfərin təfərrüatları qeyri-müəyyən idi və hətta etiraf edim ki, aldadıcı idi”.
S.Astenidis müraciətində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə tam şəkildə hörmət etdiyini, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, bu səfərin heç bir halda Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının tanınması mənasını daşımadığını qeyd edərək, peşəkar hüquqşünas kimi ölkəmizin işğal olunmuş əraziləri ilə əlaqədar hüquqi və siyasi həssaslıqları tamamilə anladığını ifadə edir.
O, bu əmələ görə dərin təəssüfünü ifadə edir və bu ilin iyun ayında Bakıya səfər etmək üçün icazə verilməsini xahiş edir.
S.Astenidisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısına salınmaması barədə qərar qəbul edilib.
AzVision.az
Teqlər: XİN