“Paşinyan işğalçı olduqlarını təsdiqləyib” - Polkovnik
Bunu AzVision.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın yeni baş nazirinin Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib.
Ramaldanov qeyd edib ki, Paşinyan dövlət başçısına yaraşmayan ifadələrlə gündəmdədir: "Bu, tək Azərbaycana qarşı deyil. Həm də daxildə olan bəzi siyasi məsələlərlə bağlıdır. Onun özünə də iradlar tutulur. Heç bir Ermənistan rəhbəri deməyib ki, Ermənistan silahlı qüvvələri Qarabağda yerləşir. Onlar həmişə bunu Qarabağın özünümüdafiə qüvvələri kimi qələmə verirdi. Paşinyan işğalçı olduqlarını öz ifadələri ilə təsdiqləyib. O, Ermənistan silahlı qüvvələrinin orada olmasını dilə gətirdi. Bu, onun vəziyyəti düzgün qiymətləndirə bilməməyindən irəli gəlir. Paşinyan Ermənistanı uçuruma aparacaq. Düşünürəm ki, onu hansı qüvvələr vəzifəyə gətiribsə, yaxın vaxtlarda bilinəcək və vəzifədə çox qalmayacaq. Onun fikirləri Ermənistanın gələcəyinə xeyir gətirməyəcək".
Polkovnik Azərbaycan Ordusununun imkanlarının hər kəsə bəlli olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrəti və mənəvi-psixoloji vəziyyəti ən yüksək səviyyədədir. "Azərbaycan Ordusu haqq işində öz sözünü deyəcək" -deyə Ramaldanov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 12-də xidməti müşavirə keçirib. Nazir Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına münasibət bildirib. Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən müdafiə naziri bəyan edib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Ordu Polkovnik Şair-Ramaldanov