Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov görüşün məqsədi barədə qısa məlumat verərək, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli, idxal–ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.
Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq idxal-ixrac əməliyyatlarının, dövlət büdcəsi gəlirlərinin artdığını və bu sahədə sahibkarların fəaliyyətinin mühüm rol oynadığını bildirib. Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin daha da təkmilləşəcəyini bildirən Mirqasım Vahabov yeni sistemin şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılması və sahibkarların fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını vurğulayıb. İdarə rəisi yeni sistemin tətbiqi ilə birlikdə ölkəmizin gömrük və vergi orqanları arasındakı əlaqələrin səmərəliliyinin artacağını, bunun da sahibkarlığın inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov sahibkarlıq subyektlərinə dövlət tərəfindən münbit şərait yaradıldığını, vergi orqanlarının da bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Vergilər Nazirliyinin sahibkarlar üçün 65-dən çox elektron xidmət təklif etdiyini bildirən departament rəisi bunun da sahibkarlığın inkişafı və şəffaflığın təmin olunmasında müsbət rol oynadığını vurğulayıb. Natiq Şirinov bəzi hallarda vergi qanunvericiliyi tələblərinin pozulduğu, vergilərin vaxtında və düzgün ödənilməsinin təmin edilmədiyini bildirərək yeni sistemin tətbiqinin həm də bu sahədə müsbət nəticələr əldə edilməsinə şərait yaradacağını qeyd edib.
Daha sonra görüşdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında imzalanmış “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
AzVision.az