Ölkə üzrə "quş qripi" aşkar edilməyib
Monitorinq zamanı seçmə üsulla ovlanmış 23 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1 827 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.
Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılması həyata keçirilsin.
Bildirilib ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
AzVision.az