Nazirlik indiyədək 200 Çernobıl əlilinə ev verib
Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə Çernobıl əlilləri “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlil olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlil olanlar olmaqla iki kateqoriya üzrə müəyyən ediliblər.
“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlil olan vətəndaşlar ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilməklə, Azərbaycan Prezidentinin müharibə əlilləri üçün nəzərdə tutulan təqaüdü onlara da şamil olunur. Dövlət başçısının 19 fevral 2018-ci il tarixli Sərəncamı ilə həmin təqaüdün məbləği növbəti dəfə artırılaraq, cari il martın 1-dən I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün isə 110 manatdan 121 manata çatdırılıb. Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu təbəqədən olan 200 nəfərə yaxın şəxsə mənzil, 160 nəfərə minik avtomobili verilib.
Bununla yanaşı, onlar, eyni zamanda, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlil olan vətəndaşlar əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” I qrup əlil olanlardan əmək pensiyası almaq hüququ olmayanlar isə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə həmin sosial ödənişlərin də cari ildə növbəti dəfə artırılması təmin edilib.
Çernobıl əlillərinin müalicəsi də diqqətdə saxlanılır. Bu məqsədlə onlara ildə bir dəfə birdəfəlik müavinət, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinət də ödənilir.
Çernobıl əlillərinin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.
AzVision.az