“Bəzi layihələr həyata keçiririk, ancaq bu kifayət etmir” - Əli Əhmədov
“Biz enerji ölkəsi olsaq da, tükənməyən alternativ enerji mənbələrinin inkişaf etdirilməsində maraqlıyıq. İqtisadiyyat inkişaf etdikcə ekoloji tarazlıqda istər-istəməz pozğunluqlar olur ki, bunlar da aradan qaldırılmalıdır. İçməli suyun tükənməməsi üçün bir çox layihələr həyata keçiririk, ancaq bu da kifayət etmir, daha çox müvafiq layihələr üzərində işləməliyik. Bu məsələlərin həllində Dünya Meteorologiya Təşkilatının dəstəyi vacibdir. Biz hökumətə reallaşa biləcək layihələrlə bağlı məlumat verəcəyik. Sizin rəhbərlik etdiyiniz qurumlarla əməkdaşlıq çərçivəsində faydalı layihələrin həyata keçiriləcəyinə ümidvarıq”, - deyə Baş nazirin müavini qeyd edib.
Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas Azərbaycanda birinci dəfə olduğunu vurğulayaraq, ölkəmizlə yaxından tanış olduğundan məmnunluğunu ifadə edib. Qonaq Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş bir çox ölkələrdə olduğunu, lakin heç birinin Azərbaycan kimi uğurlu inkişafa nail olmadığını bildirib. Petteri Taalas həyata keçiriləcək layihələrin kənd təsərrüfatının inkişafında uğurlu nəticələr verəcəyini vurğulayıb. Baş katib deyib: “Həyata keçiriləcək layihələrin uğurlu olacağına əminəm. Azərbaycanda dayanıqlı inkişaf sürətlidir, bütün sahələrdə inkişaf gedir, müsbət nəticələr var. Biz təklif edirik ki, meteoroloji sahəyə investisiya yatırılsın. Bu sahəyə qoyulan investisiyaların 10 mislini götürmək imkanı var. Bu, həm də havanın keyfiyyətinin yaxşılaşmasına müsbət təsirini göstərəcək”.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Əli-Əhmədov Su