Naxçıvanda komanda-qərargah təlimi keçirilib - FOTOLAR
Təlimdə döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsinə, qərargahlar tərəfindən əməliyyat planlarının hazırlanmasına, mürəkkəb əməliyyat şəraitində qoşunların döyüş fəaliyyətlərinin idarə edilməsinə, qarşılıqlı fəaliyyətin və təminatın təşkilinə xüsusi diqqət yetirilib. Təlimin ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək öz mövqelərinə çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.
Tabor və bölük taktiki qruplarının hücumunu artilleriya bölmələri praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.
Taktiki qrupların fəaliyyəti Ordu aviasiyası və Hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyat keçirilib.
Zabitlərin və qərargahların komanda-qərargah təlimində iştirakının yüksək səviyyədə təşkil olunması məqsədilə Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi keçirilək fəaliyyətlərin nəticələri təhlil edilib.
Tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi nəticəsində komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulan bütün məqsədlərə tam nail olunub.
AzVision.az