Prezident xanımı ilə Hacı Cavad məscidində - FOTOLAR(Yenilənib)
Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Yalnız ibadət zalının sahəsi 400 kvadratmetrə yaxındır. Milli memarlıq üslubunda və zövqlə inşa olunan ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divar və sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunaraq dini rəmzlərlə bəzədilib.
Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Döşəməyə xüsusi olaraq Hacı Cavad məscidi üçün toxunan yeni “Namazgah” xalı döşənib. Məscidin daxilində müasir texnologiyalarla işləyən havalandırma sistemləri quraşdırılıb.
Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Hacı Cavad məscidinin yeni binasının inşası da əksini tapıb. Son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlətimizin başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir. Dövlətimizin başçısı Hacı Cavad dini icmasının üzvləri ilə görüşdü.
Xatırladaq ki, 2017-ci ilin aprel ayında Prezident İlham Əliyev Yasamal rayonun “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi. Bundan sonra dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış və tikinti işlərinə başlanılmışdı.
Məscidin ərazisində, həmçinin imam, dərs, kitabxana, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Məscid üçün içməli su anbarı, ayrıca qazanxana da tikilib. Burada, həmçinin ayrıca parkinq sahəsi yaradılıb. Hacı Cavad məscidinin tarixini əks etdirən daş kitabələr yaxın vaxtlarda yeni ünvana gətiriləcək. Beləliklə, dini etiqad azadlığına və milli mənəvi dəyərlərimizə Prezident İlham Əliyevin göstərdiyi böyük qayğının təzahürü olan bu məscid milli memarlığımızın zəngin ənənələrini özündə ehtiva etməklə Azərbaycan dindarlarına gözəl töhfədir. Sonda xatirə şəkli çəkdirildi.
AzVision.az
Teqlər: İlham-Əliyev Məscid