Seçki bülletenlərinin çapına başlanıldı
MSK sədri bildirib ki, səsverməyə beş gün qalana qədər Komissiya bülletenləri dairələrə çatdırmalıdır. Dairələr bülletenləri qəbul etdikdən sonra seçkilərə 3 gün qalana qədər məntəqələrə paylamalıdır. Bülletenlərin aşağı seçki komissiyalarına çatdırılması prosesi KİV-in müşahidələri ilə həyata keçiriləcək.
Dairə seçki komissiyalarının bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edəcəyini deyən Məzahir Pənahov vurğulayib ki, çap zamanı yararsız bülleten olarsa aktlaşdırıldıqdan sonra məhv edilir. O, həmçinin əlavə edib ki, mətbəədə gedən çap prosesi KİV nümayəndələrinə, namizədlərə, o cümlədən səlahiyyətli nümayəndələrə və müşahidəçilərə tam açıqdır. Bundan başqa, bülletenlərin çatdırılmasında və qorunmasında aidiyyəti dövlət qurumları ciddi təhlükəsizlik tədbirləri görürlər. Seçki Məcəlləsindən irəli gələrək bülletenlər dairə və məntəqələrə paylanılacaq.
Bülletenlərin çapında hər hansı çatışmazlığa rast gəlinmədiyini deyən MSK sədri mətbəə rəhbərliyinin bu proseslə bağlı böyük təcrübəyə malik olduğunu söyləyib. Məzahir Pənahov, həmçinin qeyd edib ki, bülleten kağızları xüsusi olaraq seçilir.
AzVision.az