Ermənistan polisi "Həlqə" əməliyyatı keçirir: 31 etirazçı saxlanıldı

   Ermənistan polisi "Həlqə" əməliyyatı keçirir:    31 etirazçı saxlanıldı
  02 May 2024    Oxunub:1068
Ermənistanda vəziyyət gərgin olaraq qalır.
Ermənistan Daxili İşlər Nazirliyindən TASS-a verilən məlumata görə, Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində delimitasiyaya qarşı çıxan 30-dan çox etirazçı saxlanılıb.

Mətbuat xidmətinin məlumatında qeyd edilir ki, “31 vətəndaş polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb”.

Aksiyalara görə saxlanılan erməni hərbçilər döyülüblər
Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Qarnik Danielyan isə polisin hazırda Kirantsda “Halqa” əməliyyatı keçirməsi barədə məlumat yayıb. O, özünün Facebook səhifəsində yazıb ki, polis kəndə girişləri bağlayıb.

"Kəndə xeyli sayda hüquq-mühafizə əməkdaşları toplanıb. Kəndin kişiləri minatəmizləmə əməliyyatlarına mane olduqları üçün vəhşicəsinə saxlanılıblar. Həbs olunanlar arasında azyaşlılar da var. Hazırda mən İcevan polis şöbəsindəyəm. Burada iyirmidən çox vətəndaş saxlanılır”, - o yazıb.

Etirazlar hələ də davam edir. Digər radikal qruplar Ermənistandan Gürcüstana gedən dövlətlərarası avtomobil yolunun Kirants kəndi yaxınlığındakı hissəsini bağlayıblar.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Deputat  





Xəbər lenti