Norveçli səyyahlar Şuşada

   Norveçli səyyahlar Şuşada
  02 May 2024    Oxunub:840
Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir.
Qonaqlar Füzulidən sonra Şuşa şəhərinə gəliblər. Səyyahlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanında olublar. Məlumat verilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Sonra şəhərin qala divarları ziyarət edilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qonaqlara şəhərin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Səyyahlar, həmçinin Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını ziyarət ediblər.

Məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Sonda Cıdır düzünə gələn xarici media nümayəndələri buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti