Anar "Qobustan" jurnalının nəzarətdə saxlanmasının sirrini açdı

   Anar "Qobustan" jurnalının nəzarətdə saxlanmasının sirrini açdı
  01 May 2024    Oxunub:1125
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar "Ədəbiyyat" qəzetində tarixçi Nəsiman Yaqublunun "Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası" kitabı haqqında məqalə yazıb.
AzVision.az həmin məqaləni oxucuların diqqətinə çatdırır:

“Sovet dövründə Azərbaycanda, məsələn, Moskvada, ya Gürcüstandakı kimi geniş dissident hərəkatı olmayıb” – fikri qismən doğrudur. Amma bununla belə, bizim cəmiyyətdə də vaxtaşırı müəyyən siyasi etiraz hallarının təşkilat şəklini almasını danmaq olmaz. Tarixçi Nəsiman Yaqublu “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası” adlı 830 səhifəlik kitabında bu faktları ardıcıl şəkildə izləyir və üzə çıxarır.

Kitabda 1943-cü ilin sonları – 1944-cü ilin əvvəllərində Azərbaycan Dövlət Universitetinin tələbələri Gülhüseyn Abdullayevin (sonralar Gülhüseyn Hüseynoğlu adı ilə tanınan Xalq yazıçısı) və İsmixan Rəhimovun təşəbbüsü ilə “İldırım” təşkilatının yaradılması barədə məlumat verilir:

“Bu təşkilatın başlıca məqsədi – Azərbaycan Sovet Respublikasının Konstitusiyasında təsbit olunmuş Azərbaycan dilinin dövlət dili olması ilə bağlı mübarizə aparmaqdır”.

N.Yaqublu qeyd edir ki, “İldırım”ın təşkilatçıları Səməd Vurğuna imzasız gizli məktub yazaraq, azyaşlı uşaq vasitəsilə şairə çatdırırlar. Onlar düşünürlərmiş ki, S.Vurğunun razılığını alıb, onu bu təşkilatın rəhbərliyinə cəlb edəcəklər.

“Məktub Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının əlinə düşür”. Ekspertlər məktubun İsmixan Rəhimov tərəfindən yazıldığını müəyyənləşdirirlər. İsmixan və təşkilatın digər üzvləri həbs olunurlar. Təşkilat əksinqilabi təbliğatın aparılmasında, Sovet Azərbaycanını SSRİ-dən ayırmaq və milli burjua respublikası yaratmaq cəhdində, Azərbaycanın görkəmli şairlərindən birinə anti-sovet, millətçi məzmunda məktubun yazılmasında ittiham edilir və təşkilatın əsas rəhbərləri – İsmixan Rəhimov, Gülhüseyn Abdullayev və Hacı Zeynalov 25 illik həbs cəzasına, qalan üzvləri 10 illik həbsə məhkum edilirlər.

Gülhüseyn müəllim S.Vurğuna göndərdikləri məktub haqqında mənə danışırdı ki, məktubda belə bir işarə var idi: əgər S.Vurğun təkliflərinə razıdırsa, yaxın günlərdə qəzetlərdə Azərbaycanla bağlı yeni bir şeir yazıb çap etdirsin və o zaman təşkilatçılar onun razı olduğunu biləcəklər. Gülhüseyn müəllim (eləcə də tanış olduğun İsmixan Rəhimov) bu məktubun Dövlət Təhlükəsizlik orqanlarının əlinə keçməsinə görə heç vaxt S.Vurğunu günahlandırmırdılar. Onsuz da, başının üstünü qara buludlar almış şair bu məktubu elə həmin orqanların onu sınamaq üçün təxribat xarakterli aksiya olduğunu zənn edə bilərdi.

Bu yerdə, mənim yadıma Nazim Hikmətlə bağlı bir əhvalat da düşür. Nazim həbsdən azad olandan sonra bir gün Əmniyyət işçilərindən bir cavan zabit onun evinə gəlir və şairin heyranı olduğunu söyləyir, hansı kitabları oxuması haqqında məsləhət almaq istəyir. Nazim bu zabiti xüsusi tapşırıqla göndərilmiş provokator sayaraq bu barədə polisə məlumat verir ki, məndən əl çəksin. Şairin, həqiqətən, pərəstişkarı olan gənc cəzalandırılır.

N.Yaqublu qeyd edir ki, Dövlət Təhlükəsizlik Nazirliyi xaricdəki anti-sovet təşkilatlarını da diqqətlə izləyirmiş. Nazir Yemelyanov 1951-ci il mayın 7-də hazırladığı arayışda yazır ki, İranda və Türkiyədə ingilis – Amerika kəşfiyyat orqanları SSRİ-yə qarşı dağıdıcı fəaliyyətlərini gücləndirmişlər. SSRİ-yə qarşı mübarizədə Sovet İttifaqında yaşayan türk xalqlarından istifadə edilməsi nəzərdə tutulur.

Yemelyanovun arayışında yazılır: “Amerikanların və ingilislərin tapşırığı ilə müsavatçıların yaratdıqları yeni anti-sovet təşkilatlar Sovet İttifaqının ana düşməni (bu rusca “materiy vraq” ifadəsini “qarı düşmən” kimi çevirmək daha düzgündür) olan xarici kəşfiyyatların agentləri – Məhəmməd Əmin Rəsulzadə, Mir Yaqub Mehdiyev, Rəfibəyov qardaşları və digərləri tərəfindən idarə olunur”. (Rəfibəyov qardaşları – Səməd paşa və Eyyub bəy Sayqınlar nəzərdə tutulur – A.).

N.Yaqublunun kitabında daha bir dissident təşkilatı – 1963-cü ildə yenə də Azərbaycan Dövlət Universitetində yaranmış “Qaranquş” təşkilatından bəhs olunur. Təşkilatın əsas yaradıcıları Mövlud Balakişiyev (sonralar Mövlud Süleymanlı kimi tanınan Xalq yazıçısı), Tofiq Abdin, Tanrıqulu Əliyev (“Tanqo”), Azər Abdulla, Bağır Ağayev və başqaları idi.

Təşkilatın əsas məramı – savadlanıb, bilgilənib, Güney Azərbaycanı xilas etmək olub. Üzvlərin sayı 80 nəfərə qədərmiş.

N.Yaqublu yazır: “O dövrdə yaradılan digər bir təşkilata isə Vidadi Paşayev adlı bir gənc başçılıq edirdi”.

Vidadi Paşayev “Qobustan” toplusunun ilk məsul katibi, Tofiq Abdin (Tofiq Məhərrəmoğlu) toplumun şöbə müdiri, Azər Abdulla əməkdaşı idi. “Qobustan” toplusuna təhlükəsizlik xidmətlərinin belə əlahiddə diqqət yetirmələrinin bu səbəbi də mənə indi aydın oldu.

Ümumiyyətlə, Nəsiman Yaqublunun bu kitabından mən çox maraqlı şeylər öyrəndim.

Safruh Atalı (Əliyev Elman Ağa oğlu) adlı dissident 17,5 mindən çox deyim (aforizm) yazıb. Nəsiman qeyd edir ki, Safruh 1970-ci illərdə şair Rəsul Rzanın millətçi şeirlərinə və əsərlərinə ciddi diqqət yetirib. Xüsusən, onun “Qızılgül olmayaydı” və “Yer oğlu” poemaları yeni düşüncəli insanlara ciddi təsir etmişdi. Hətta həmin dövrdə R.Rzanın millətçi əsərlərini müdafiə edən bir ziyalılar qrupu da formalaşmışdı: Vidadi Məmmədov (rəhmətə gedib, “Ədəbiyyat və incəsənət” qəzetində çalışıb), Mövlud Süleymanlı (sonralar tanınmış yazıçı) və digərləri.

N.Yaqublu Rəsul Rzanın Baş redaktorluğu ilə çıxan ilk Azərbaycaan Ensiklopediyası haqqında da geniş məlumat verir. Bu qadağan olunmuş ensiklopediya ilə sonralar nəşr olunmuş ensiklopediya arasında müqayisələr apararaq birincinin milli ruhunu, ikincidə bu ruhun yoxa çıxmasını əyani misallarla göstərir, birinci ensiklopediyaya Ermənistan Elmlər Akademiyasının etiraz məktubu göndərməsini də qeyd edir.

Rəsul Rzanın rəhbərliyi ilə hazırlanan ilk Azərbaycan Ensiklopediyasının ağır taleyi haqqında akademik Yaqub Mahmudovun “Özümüz”, şair Teyyub Qurbanın tərtib etdiyi “Yaşıl rəngin işığı” kitablarında, eləcə də mənim (Anar) “Sizsiz” və “Mübarizə bu gün də var” adlı əsərlərimdə geniş bəhs edildiyi üçün burada bu məsələ barədə danışmağa ehtiyac duymuram.

AzVision.az


Teqlər: Qobustan   jurnal   məqalə  





Xəbər lenti