Azərbaycanın xalça inciləri Vaşinqtonda
Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov xalça sənətini Azərbaycan mədəniyyətinin əsas incilərindən biri kimi səciyyələndirərək, onun qədim ənənələri və müxtəlif məktəblərinin olduğunu xatırladıb. Azərbaycan xalçalarının incəsənət əsəri olmaqla yanaşı, ölkəmizin tarixini və inkişafını, mədəni xüsusiyyətlərini izah etdiyinə diqqət çəkib. Səfir Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində xalçaçılığın yenidən canlandığını və bu sərginin keçirilməsinin inkişaf edən və möhkəmlənən Azərbaycanın bir göstəricisi olduğunu xüsusi vurğulayıb.
“Azərxalça” ASC-nin idarə heyətinin sədr müavini Orxan Rzayev Azərbaycan xalçasını xalqımızın mədəni kimliyinin əsas hissələrindən biri kimi dəyərləndirərək, ölkəmizin müxtəlif bölgələrini əks etdirən doqquz xalçaçılıq məktəbinin olduğunu diqqətə çatdırıb. O, “Azərxalça” ASC-nin Prezident İlham Əliyevin 2016-ci ilin mayında imzaladığı müvafiq Sərəncam əsasında yarandığını xatırladaraq, bu müəssisənin istehsal etdiyi xalçaların həm ölkəmizdə satıldığını, həm də ixrac edildiyini bildirib.
Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilərə əllə toxunmuş bu xalçalar barədə geniş izah verilib, onların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, sərgidə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan xalça məktəbinin nümunələri nümayiş etdirilib və geniş ziyarətçi marağına səbəb olub. Bu sərginin növbəti günlərdə Nyu-York şəhərində də təşkili nəzərdə tutulur.
AzVision.az
Teqlər: Vaşinqton ABŞ Səfirlik