Gəncədə təhsil işçilərinin konfransı keçirilib
Təhsil Nazirinin müavini Mətin Eynullayev təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib. Onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. Mətin Eynullayev cari ilin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsəd və mahiyyətindən söz açıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışan Elmar Vəliyev pedaqoji kollektivləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.
Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin müdiri Vüsal Məmmədov konfrans iştirakçılarına Nizami yurdunda fəaliyyət göstərən təhsil ocaqlarında aparılan işlər haqqında geniş məlumat verib.
Millət vəkili Naqif Həmzəyev bildirib ki, təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsində Azırbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Naqif Həmzəyev təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi.
Konfransda çıxış edən məktəb müəllimləri, paralimpiya çempionu Ramil Qasımov, qəbul imtahanından 700 bal toplamış tələbə Abdulla Əsgərzadə təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edərək, gələcək fəaliyyətlərində də cəmiyyətimizin inkişafına öz tövhələrini verəcəklərini bildiriblər. Konfransın qərarı oxunduqdan sonra iştirakçılar cənab İlham Əliyevə müraciət ünvanlayıblar.
AzVision.az