Məmmədyarovla Çavuşoğlu arasında Qarabağ müzakirəsi - Yenilənib
Nazirlər iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirdilər.
Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyəti, habelə ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edildi.
Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə istifadəyə veriləcəyi qeyd olunaraq, bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi bildirildi. Eyni zamanda iki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq, Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunmuş vaxt çərçivəsində icra olunacağına əminlik ifadə olundu.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verdi. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Azərbaycan Türkiyə XİN