Qəbələdəki yanğın nəzarətə götürülüb
Hazırda Abrıx və Solquca kəndləri ərazisində yanğının irəlilədiyi xətt üzrə gərgin fəaliyyət göstərilir, həmin xətt boyunca yanğının qarşısının alınması istiqamətində fədakarlıq göstərilir. Bu gün operativ səhər toplantısında meşəçilər bu xətdən geri çəkilməyəcəklərinə və var qüvvələri ilə alovu dayandıracaqlarına söz veriblər.
Xatırladaq ki, hadisə yerində ETSN-nin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların 350-yə yaxın əməkdaşı, FHN-nin yanğından mühafizə dəstələri və texnikası yanğının qarşısını almağa çalışırlar. Qeyd olunduğu kimi yanğın zolağı yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir, mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtıllı traktorlar vasitəsi ilə su çənləri qaldırılır, əl əməyindən istifadə olunaraq vedrə və su tutumu olan qablarla söndürmə işləri aparılır. Təxirəsalınmaz və operativ tədbirlər bu saatlarda da davam etdirilir.
AzVision.az