Prezident Lənkəranda “Yaşıl Çay” plantasiyasında
Prezident İlham Əliyevə məlumat verildi ki, yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli “Lənkəran çayı” brendi altında müxtəlif çeşiddə çaylar istehsal edilir.
Dövlətimizin başçısı “Yaşıl Çay” MMC-nin tut tingləri əkilən sahəsinə də baxdı. Bildirildi ki, hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin əkilib-becərilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Baramaçılığın inkişaf etdirilməsi üçün intensiv tipli yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən tinglərin 40 mini bölgü əsasında Lənkəran rayonuna göndərilib. Həmin tinglərin 12 mini rayonun “Yaşıl Çay” fermer təsərrüfatına verilib. Qısa müddətdə təsərrüfatın işçiləri tut tinglərini aqrotexniki qaydada hazırlanan torpaqlara əkiblər. Bununla da təsərrüfatda yeni bir sahənin - baramaçılığın yem bazasının əsası qoyulub.
Sonra Prezident İlham Əliyev fermer təsərrüfatının işçiləri ilə görüşdü.
İŞÇİLƏR: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sağ olun. Necəsiniz?
İŞÇİLƏR: Çox sağ olun, yaxşıyıq. Bayramınızı təbrik edirik, cənab Prezident. Qədəmləriniz uğurlu olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən də sizi təbrik edirəm, bayramınız mübarək.
İŞÇİLƏR: Bizim üçün bu şəraiti yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham ƏLİYEV: Sağ olun. Çox yaxşıdır ki, burada çayçılıq inkişaf edir. Lənkəran həmişə Azərbaycan çayçılığının mərkəzi olub. İndi də bu ənənəvi sahəni bərpa edirik. Çox şadam ki, bu sahə bərpa olunur. Sahələr artırılır və iş yerləri açılır, xüsusilə də qadınlar üçün. Çünki ənənəvi olaraq Azərbaycanda çayçılıqla qadınlar məşğul olurlar. Necədir işinizdən razısınız?
İŞÇİLƏR: Bəli, cənab Prezident, razıyıq.
Prezident İlham ƏLİYEV: Yaxşı maaş verilir?
İŞÇİLƏR: Bəli, yaxşıdır.
Prezident İlham ƏLİYEV: Çox yaxşı.
Sonda xatirə şəkli çəkdirildi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident