Nazirlik qalibləri mükafatlandırıb

  25 May 2017    Oxunub : 1245
Nazirlik qalibləri mükafatlandırıb
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə təhsil naziri nazirinin müavini Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə qəbul göstəriciləri ilə bağlı təqdimatla çıxış edib.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Respublika fənn olimpiadalarının keçirilməsinin istedadlı uşaqların vaxtında müəyyən olunması, onlarla işin düzgün qurulması, ölkənin dayanıqlı inkişafına və işıqlı gələcəyinə xidmət etdiyini vurğulayıb.

2014-cü illə müqayisədə bu il iştirakçı sayının 6 dəfə artdığını deyən təhsil nazirinin müavini fənn olimpiadalarının Azərbaycanın hər bir bölgəsini əhatə etdiyini vurğulayıb. C.Bayramov gələcəkdə ənənəvi fənlərlə yanaşı, yeni fənlərin də Respublika fənn olimpiadalarına daxil edilməsinin vacibliyini bildirib. Nazir müavini əlavə edib ki, xarici dillər, iqtisadiyyat, texnologiya, robottexnika, hüquq, sahibkarlıq, ekologiya və digər layihə olimpiadaları şagirdlərin fərqli istedadını üzə çıxarmağa imkan verər və gələcəkdə olimpiadaların kütləviliyini təmin edər.

Şagirdlərin beynəlxalq olimpiadalardakı uğurlarından söz açan C.Bayramov son 4 il ərzində məktəblilərin 1 qızıl, 11 gümüş, 54 bürünc olmaqla 66 medal qazandıqlarını nəzərə çatdırıb. Tədbirdə Respublika fənn olimpiadalarının keçirilməsi, olimpiada qalibləri haqqında video-çarx nümayiş olunub. Təhsil naziri Mikayıl Cabbarov da respublika fənn olimpiadaları qaliblərini təbrik edib.

Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Aytən Zəhra
AzVision.az

Teqlər: Təhsil-Nazirliyi