Lapşinin şikayəti təmin olunmadı

  13 Aprel 2017    Oxunub : 1252
Lapşinin şikayəti təmin olunmadı
Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakıda həbsdə olan bloger Aleksandr Lapşinin barəsində olan həbs qəti imkan tədbirinin müddətinin artırılması ilə bağlı Nəsimi rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
AzVision.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Lapşin özü də iştirak edib. Prosesdə şikayət təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə A.Lapşinin barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

AzVision.az

Teqlər: Lapşin   Məhkəmə   Şikayət