`Oxudum, bəyənmədim` - Hansı kitabları oxumaq məsləhət deyil? (SORĞU)

`Oxudum, bəyənmədim` - Hansı kitabları oxumaq məsləhət deyil? (SORĞU)
  03 Aprel 2017    Oxunub:20133
Bəzən elə olur ki, bir kitabı əldə etmək üçün günlərlə, aylarla gözləyirik.
Elə ki, tapdıq, böyük həvəs və maraqla oxumağa başlayırıq. Çoxluğun təriflədiyi bu kitablardan razı qalacağımıza ümid edirik. Ancaq nəticə isə gözlədiyimiz kimi olmur.

Başladığımız kitab bizə maraqsız, cansıxıcı gəlir.
Ona ayırdığımız zamanı vaxt itkisi hesab edirik. Yəqin ki, bu mənzərə mütaliə sevərlərin bir çoxuna tanışdır. Oxumağa başladıqları kitabların heç də hamısı onlara axıcı gəlməyib.
AzVision.az bununla bağlı tanınmış kitabsevərlərimizlə sorğu edib. Onlar oxuyub bəyənmədikləri kitabların, əsərlərin adlarını bizə açıqlayıblar.

Jurnalist İbrahim Nəbioğlu bildirib ki, oxuyub bəyənmədiyi kitablar o qədər də çox deyil.



“Adətən, bir kitaba başlamadan çox götür-qoy edir, vaxtım boşa getməsin deyə seçimi diqqətlə edirəm.

Bəyənmədiyim kitablar əsasən məktəbdə və universitetdə təhsil aldığım illərdə oxuduğum əsərlərdir. Remark, Zolya, Rollan kimi klassiklərlə bərabər, çox sayda sovet müəlliflərinin kitablarını da oxuduğum üçün peşmanam.
Son zamanlarda isə Moris Leverin ‘’Aysedora Dunkan- Dansın Tanrıçası’’ kitabını oxuyub, yaman məyus olmuşdum. 500 səhifəlik böyük kitabı Sergey Yeseninə olan sevgimdən dolayı oxumuşdum. Yaxınlarda oxuyub bəyənmədiyim başqa bir kitab isə ‘’Otto Skortseni- Naməlum müharibə’’dir. Hitlerin kumiri, Mussolinini həbsdən qaçırdan, Stalin, Ruzvelt və Çerçili öldürməyə hazırlanan bu cəngavər alman zabitini anladan kitabı çox sönük və ətalətli gördüm”.

Yazıçı Azad Qaradərəli 20-ci əsr fransız yazıçısı Jan-Pol Sartrın əsərlərindən oxucu kimi zövq ala bilmədiyini deyib.



“Əsərləri ideya yükü ilə çox yüklənir, bədiilik arxa plana keçir. Amma o böyük insanın həyat yolu, mübarizəsi özü bir mükəmməl kitabdır ki, oxumağa dəyər”.

Tanınmış tənqidçi Əsəd Cahangir ilk olaraq bəyəndiyi müəlliflərin və əsərlərin adını qeyd edib.



“Elçin Əfəndiyevin "Baş", Kamal Abdullanın "Unutmağa kimsə yox", Kamil Əfsəroğlunun "İt qanı", Həmid Herisçinin "Solaxay", Etimad Başkeçidin- "Min yol mənə söylər", Məqsəd Nurun "Şəhər meri", İlqar Fəhminin "Sən kimsən, Səfəvi" əsərləridir.

Bəyənmədiklərim çoxdur, xüsusən də Səlim Babullaoğlunun adını yadda saxlamadığım çoxlu sayda şeir və tərcümə kitablarını deyə bilərəm. Bu kitablardan, xüsusən tərcümə kitablarından irihəcmli bir məqalə yazmağı planlaşdırıram”.

Xanım jurnalist Ləman Ələşrəfqızı da yarımçıq saxladığı kitabların adlarını sadalayıb



“Yadımda qalan Haruki Murakaminin “Norveç meşəsi”dir ki,oxuyub başa çıxa bilmədim. Bəlkə də, yaxşı əsərdir, amma mən sevmədim. Elif Şafakın “Ağ süd” romanını da sona kimi oxuya bilmədim. Başa çatdırmadığım daha bir əsər Fyodor Dostoyevskinin “İdiot”u olub. Onun tərcüməsi məni sıxdı”.



Fizik Yalçın İslamzadə oxuduğu elmi kitablardan razı qaldığını deyib.

“Son dövrlər elə kitablarla qarşılaşmamışam. Seçdiyim elmi kitablar gümanımı doğruldub”.

Tanınmış şair Aqşin Yenisey bildirib ki, belə kitabların sayı çoxdur.



“Ümumiyyətlə, son dövr istər Azərbaycan ədəbiyyatında, istərsə də dünya ədəbiyyatında naşirlərin ətrafında hay-küy qopardığı əsərlərin, demək olar ki, hamısı kağız israfıdır. Yaradıcılığa aid heç nə yoxdu içlərində. Son iki-üç ayda ancaq tarixi kitablar oxuyuram, məsələn, hazırda Osmanlı-rus tarixinə aid Murat Belgenin "Step və Bozqır" kitabını oxuyuram. Heç oxuya bilmədiyim son əsərlərdən isə Milan Kunderanın "Dözümsüzlük" və Dino Buzzatinin "Tatar çölü" ronmanlarının adını çəkə bilərəm”.

Yazıçı Cəlil Cavanşir son vaxtlar tanıdığı, üslubuna bələd olduğu yazıçıları oxumağa çalışır.



“Xoşuma gəlməyən kitabı yarımçıq bir kənara atıram. Həyat qısa, oxunacaq kitabların siyahısı isə çox uzundur. Amma əvvəllər başladığım kitabı hökmən yekunlaşdırmağa çalışırdım. Məhz buna görə də oxuduğum kitabların arasında bəyənmədiklərim olub. Məsələn, Emrah Serbesin "Deliduman" romanını çox zülmlə, əziyyətlə oxudum və bəyənmədim. Məcburiyyətdən, redaktor kimi oxuyub bəyənmədiyim çox sayda kitablar var. Artıq növbəti 5 ildə oxuyacağım kitabların siyahısını çıxarmışam. Mümkün qədər təsadüfi kitablar oxumayacağam. Ümid edirəm ki, bundan sonra oxuyacaqlarım məni peşiman etməyəcək. Hər halda buna çalışacağam”.



Gənc şair Aqşin Evrən Çak Palanikin "Döyüşçü klubu" əsərini bəyənməyib.

“Əsər məni o qədər məyus etdi ki, filminə belə baxmağa həvəsim olmadı. Hərbi xidmətdə olarkən bu müəllifin "Tıkanma" romanını oxumuşdum, maraqlı gəlmişdi”.



Şərif Ağayar isə Xulio Kartasarın "Xana xana oyunu" əsərini oxumağına peşiman olub.

Son vaxtlar daha çox elmi, fəlsəfi kitablar oxuyan yazıçı Kənan Hacı da bəyənmədiyi əsərin adını qeyd edib.



“Ötənlərdə Çarlz Bukovskinin "Qadınlar" romanını oxudum və bu cür mənasız əsərin bizim dilə tərcüməsi nə anlam daşıyır, onu bilmədim. Başdan-ayağa epatajdır”.

Xanım jurnalist İlknur Salamova da bəyənmədiyi əsərlərin siyahısnı açıqlayıb.



“Haruki Murakaminin "Norveç meşəsi" və "Kafka sahildə" əsərləri mənim üçün vaxt itkisi oldu. Anladım ki, bu yazarla mənim ulduzum heç vaxt barışmayacaq. Bu il də, digər illərdə olduğu kimi Nobeli ala bilmədiyi üçün çox sevindim.

Buna baxmayaraq, düşünürəm ki, elə bir kitab yoxdur ki, insana nə isə öyrətməsin. Hetta bəyənmədiyim o əsərlər belə yaxşı mahnılar kəşf etməyimə səbəb olmuşdu”.



Mütaliəni çox sevən gənc jurnalist Vüqar ismayılov isə Bret İston Ellisin"Amerika psixopatı" və Teodor Drayzerinisə “Maliyyəçi” romanını bəynməyib.

Gənc yazar Elmin Nuri isə bəyənmədiyi kitabların siyahısını açıqlamağa ən yaxın keçmişdən başlayıb.



“Kulturoloji, sənətlə ilgili yazı və esselərini çox sevdiyim Aydın Talıbzadənin "Əbuhüb" adlı romanını uzun müddət axtarışdan sonra əldə etdim. Cibimdəki pulun təqribən yarısını verərək, kitabı aldım və metrodaca acgözlüklə oxumağa başladım. Çünki Aydın Talıbzadənin ondan əvvəl "Ustad və ayna" kitabını və "Azərbaycan" jurnalından bir romanından parçaları oxumuşdum. Roman məndə xəyal qırıqlığı yaratdı. Ən azından həmin əsərlər gücündə olacağını düşünürdüm, amma bəyənmədim.

Bir neçə ay bundan əvvəl akademik Kamal Abdullanın "Dilçiliyə səyahət" kitabını oxuyandan sonra bu sahəyə marağım daha da artdı. Dilçiliyə aid başqa ədəbiyyatlar axtardım. Aralarında oxuyub bəyəndiklərim də oldu. Amma az qala, hamının təriflədiyi Noam Xomskinin "Dil və təfəkkür" adlı elmi-kütləvi əsərində isə yenidən xəyal qırıqlığına uğradım. Bəlkə də, tərcümə və redaktəsindəki problemlər səbəbindən belə oldu, amma son nəticədə bəyənmədim”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: #Kitab   #Tənqid  





Xəbər lenti