“İRS” jurnalı Amhar dilində nəşr olunub

“İRS” jurnalı Amhar dilində nəşr olunub
  31 Mart 2017    Oxunub:2456
Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar, ölkəmizin Efiopiyadakı səfirliyinin və “İRS” jurnalının redaksiyasının birgə təşkilatçılığı ilə “İRS” jurnalının Amhar dilində ilk nəşrinin təqdimatı keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbir paytaxt Əddis-Əbəbənin ən mühüm tarixi məkanlarından biri olan “MilliTeatrı”nda təşkil olunub.

“İRS” jurnalının ilk dəfə Amhar dilində nəşr edilməsi son dövrlər Azərbaycanın Afrika qitəsi ölkələri və Efiopiya ilə genişlənən əlaqələrinin inkişafına tövhə vermək, ölkəmizin mədəniyyətinin, zəngin maddi mədəni irsinin Afrika qitəsində, o cümlədən dünyanın qədim mədəniyyət ocaqlarından biri olan Həbəşistanda təşviq edilməsi məqsədini daşıyır.

Amhar dilində nəşr olunan jurnalda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Qarabağ Muğam Məktəbi” adlı məqaləsi, xarici işlər naziri Elmar Məmmədyarovun jurnal oxucularına müraciəti, ölkəmizdə təhsil alan efiopiyalı məzun Seyfu Tirfunun Azərbaycanda yaşadığı dövrü əhatə edən xoş xatirələri, həmçinin digər maraqlı yazılar əksini tapır. Jurnalda Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri, Xocalı soyqırımı, ölkəmizin iqtisadi inkişafı və turizm potensialı haqqında oxuculara ətraflı məlumat verilir.

Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, “İRS” jurnalının Baş redaktoru Musa Mərcanlı, Efiopiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tevolde Mulugeta, otuzdan çox diplomatik nümayəndəliklərin rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, Efiopiyada fəaliyyət göstərən təhsil ocaqlarının müəllim və tələbə heyəti, yerli mətbuat nümayəndələri, ölkəmizdə təhsil alan Efiopiya vətəndaşları iştirak ediblər.

Səfir Elman Abdullayev “İRS” jurnalının təsis edildiyi gündən Azərbaycanın tarixinin və mədəniyyətinin dünyada təbliğ edilməsində xüsusi rol oynadığını qeyd edib. E.Abdullayev Amhar dilində nəşr edilən "İRS" jurnalının Efiopiya ictimaiyyətinə ölkəmizlə yaxından tanış olmaq imkanı yaradacağını, həmçinin xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Təqdimat zamanı TeVolde Mulugeta, Hikmət Hacıyev, Musa Mərcanlı və Seyfu Tirfu çıxış ediblər.

AzVision.az


Teqlər: İRSjurnalı   Amhardili   Efiopiya  





Xəbər lenti