Azərbaycanda deputat Trampı tənqid etdi

Azərbaycanda deputat Trampı tənqid etdi
  01 Fevral 2017    Oxunub:1643
“Azərbaycan ABŞ-ın müxtəlif qurumları tərəfindən tənqidə məruz qalıb. ABŞ-da bu günlərdə 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a buraxılmaması barədə qərar qəbul edib. Biz, Azərbaycanda siyasi partiyalar olaraq, buna etirazımızı bildirməliyik”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ABŞ prezidenti Donald Trampın qəbul etdiyi bu qərar islamofobiyaya yol açır: “Azərbaycanda bu il “İslam Həmrəyliyi ili“ elan edilib. ABŞ demokratiyanın müdafiəçisi kimi özünü qələmə verdiyi halda, belə qərar qəbul etməsi utancdır. Tramp guya istəyir ki, bununla terrorun qarşısını alsın. Halbuki, bu addım ekstremizmi daha da gücləndirəcək. Bu addımdan sonra Kanadada məscidə hücum edildi. Dünyaya demokratiya dərsi keçən Amerika yürütdüyü siyasətə diqqət etməlidir”

Millət vəkili mülkiyyət hüquqlarının pozulması məsələsindən də danışıb: “XXI əsrdə kiminsə obyektini söküb, mülkiyyət hüququnu pozmaq nə deməkdir? Biz mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunlar qəbul etmişik. Belə hallar barədə mətbuatda yer alan məlumatlara müvafiq nazirliklər reaksiya verməlidir”.

Spiker Oqtay Əsədov isə bildirib ki, kimin əmlakı sökülübsə, əvəzi verilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti