Kainat kimin üçündür, yaxud, adi planetin eqoist insanları

Kainat kimin üçündür, yaxud, adi planetin eqoist insanları
  17 Dekabr 2016    Oxunub:8861
Taryel Abdullayev

Klassik dini düşüncə kainatın insan üçün yaradıldığını deyir. Yəni kainat, qalaktikalar, Günəş Sistemi yalnız insan üçün var və buna görə də "incə nizam" ilə tənzimlənib.


Bu düşüncəyə görə, kainatdakı hər bir varlıq, hər cisim, hər ulduz, hər toz buludu insan üçün xüsusi olaraq yaradılıb. Buna görə də, kainatda Yerdən başqa planetlərdə həyatın olması lazımsızdır. Bu düşüncəyə bər-bəzəkli ad da qoyublar: “Antropik qanun”.

"Antropik Qanun" kainatın yalnız bizim qalaktikadan ibarət olduğunun düşünüldüyü dövrlərdə ortaya atılmış çox köhnə, əsassız və məhdud məlumatlar əsasında formalaşmış bir düşüncə formasıdır. Bu qanun guya hər şeyin insan üçün var olduğunu, insanın mövcudluğun mərkəzində durduğunu, var olan və var olacaq hər şeyin insana xidmət etmək üçün yaradıldığını iddia edir. Eyni dövrdə insanın yaşadığı planet olan Yer Kürəsi kainatın mərkəzi sayılırdı.

Bir sözlə, ürəkbulandırıcı səviyyədə bir qürur və eqo ilə hesab edilirdi ki, bütün kainatın mərkəzində insan dayanır. Bunun təsirini hələ də hiss edirik. Halbuki, elm antropik “qanun”u qəbul etmir.

Əgər Günəşin ətrafında Yer kimi 8 planet və onlarla planetoid varsa, digər ulduzların ətrafında də oxşar planet sistemləri olmalıdır. Çünki Günəş Sistemi kainatda xüsusi bir yerə sahib deyil. Günəş Samanyolundakı təxminən 400 milyard ulduzdan yalnızca biridir və qalan 400 milyard ulduzdan heç bir fərqi yoxdur.

Təxminən 20 il əvvəl Günəş sistemindən kənarda ilk planet kəşf edilənə qədər bəlkə “antropik qanun” çərçivəsində düşünənləri hələ də haradasa anlamaq olardı. Amma bu gün Günəş Sistemindən kənarda ən azı minə qədər planet kəşf etmişik. Bunların çoxu Yupiter böyüklüyündə qaz nəhəngləri olsa da, bir qismi Yerə oxşar böyüklükdə və ulduzlarının ətrafında Yerin mövqeyinə yaxın şəkildə orbitlərində dönürlər.

Burda bir məqama aydınlıq gətirim: Yerə bənzər planetlərin az kəşf edilməsinin səbəbi onların az olması deyil. İndiki texnologiya və üsullarımız Yerə oxşar planetlərin asanlıqla tapılmasına imkan vermir. Yoxsa, elmi araşdırmalar və statistik hesablamalar nəticəsində bilirik ki, ulduzların ətrafındakı hər bir qaz nəhənginə qarşılıq, ən az iki dənə Yer tipli planet mövcuddur.

Bu gün tam əminik ki, hər ulduzun ətrafında planet sistemi var və bu, kifayət qədər adi haldır. 40 il əvvəl bizə iki günəşli bir planetdən danışsalar, gülərdik. Halbuki iki, hətta üç günəşli planetlərin varlığını hazırda çox adi reallıq kimi qəbul edirik.

Müşahidələrin və hesablamaların nəticəsində təkcə Samanyolunda (Bizim Qalaktikada) Yer böyüklüyündə və Yerə bənzər həyat şərtlərinə sahib milyardlarla planetin olduğunu rahatlıqla deyə bilirik. Kainatda Samanyolu ölçüsündə, hər biri orta hesabla 100 milyard ulduzu əhatə edən ən azı 300 milyard qalaktika var. Hətta daha kiçik, yalnız bir neçə milyard ulduz ehtiva edən azı 1 trilyon cırtdan qalaktikanın olduğunu da hesaba qatsaq, bizim "çox özəl" və "yeganə" hesab etdiyimiz dünyamızın nə qədər adi, sıravi bir göy cismi olduğunu daha yaxşı başa düşə bilərik.

“Antropik Qanun”un əsas çatışmazlığı heç bir elmi məlumata söykənə bilməməsidir. Ən kiçik bir elmi tənqid belə, bu fərziyyənin təməllərini asanlıqla çürüdür. Heç bir şey insan üçün yaradılmayıb və insan heç nəyin mərkəzində deyil. Yox, əgər siz mütləq nəyinsə mərkəzində olduğunuzu düşünürsünüzsə, deyə bilərəm ki, bəli, siz mərkəzdəsiniz - ancaq eqo və qürurun mərkəzində.


Teqlər:  





Xəbər lenti