`Düşünürəm ki, birgə maraqlı layihələr tapacağıq`

`Düşünürəm ki, birgə maraqlı layihələr tapacağıq`
  12 Avqust 2013    Oxunub:1269
Azərbaycan və İtaliya arasında yaxşı siyasi əlaqələr mövcuddur və Nazirlər Şurası Prezidentinin səfəri bunun yaxşı göstəricisidir

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

Prezident bildirib: "İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Bakıya səfərini alqışlayır və böyük önəm veririk. Sizin səfəriniz ikitərəfli münasibətlərimizin məğzinin yaxşı təzahürüdür. Eyni zamanda, bu səfər ikitərəfli əlaqələrimizin bir çox vacib məsələlərini müzakirə etmək baxımından yaxşı imkandır".

İki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən İlham Əliyev qeyd edib ki, tərəflər arasında yaxşı siyasi əlaqələr mövcuddur və Nazirlər Şurası Prezidentinin səfəri bunun yaxşı göstəricisidir: "Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Əlbəttə ki, güclü siyasi təmaslar münasibətlərimizin şaxələndirilməsində vacib rol oynayır".
Dövlət başçısı bildirib: "Deyə bilərəm ki, əsasən neft tədarüklərinə görə İtaliya əsas ticarət tərəfdaşımızdır".

Prezident qeyd edib ki, Nazirlər Şurası Prezidentinin səfəri, görüşdə aparılan müzakirələr ticarət münasibətlərimizdə şaxələnmənin mövcud olduğunu bir daha göstərir:
"Biz investorlar, podratçılar qismində iş üçün Azərbaycanda daha çox İtaliya şirkətlərini görmək istərdik. İtaliya sənayeçilər komandası nümayəndə heyətinin yaxın vaxtlarda burada olacağı gözlənilir".

İlham Əliyev deyib: "Düşünürəm ki, bir çox birgə maraqlı layihələr tapacağıq. Biz bu gün əlbəttə ki, ölkələrimiz arasında enerji əməkdaşlığını müzakirə etdik. Enerji sahəsində əməkdaşlıq münasibətlərimizdə yeni səhifə açacaq və bu, təkcə ikitərəfli əlaqələrimiz deyil, həmçinin Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər üçün vacib rol oynayacaq".

Dövlət başçısı bildirib: "Bizim enerji layihələrimiz Avropanın enerji təhlükəsizliyini təmin edəcək, eyni zamanda, bizim üçün Avropa İttifaqının yeni böyük bazarlarına çıxış imkanları yaradır. Bizim böyük neft-qaz ehtiyatlarımız var və artıq tədarük marşrutlarını şaxələndirmişik, lakin əlbəttə ki, biz iri bazarlar və uzunmüddətli əməkdaşlıq axtarırıq".

Prezidentin sözlərinə görə, iyunun sonunda TAP barəsində qəbul edilən qərar vacib strateji qərardır: "Biz çox şadıq ki, bu layihə düzgün rəqabət nəticəsində seçilib, çünki bu, investorlar üçün yaxşı və cəlbedici şərait yaradır".

İlham Əliyev qeyd edib ki, Avropanın qonşusu və bəzi Avropa proqramlarında iştirak edən ölkə kimi Azərbaycan da Avropa İttifaqı və Avropa strukturları ilə münasibətlərdə enerji əməkdaşlığını vacib element hesab edir.

Prezident bildirib: "Mən Avropa İttifaqı, NATO və Azərbaycan arasında əməkdaşlığa verdiyi dəstəyə görə Enriko Lettaya öz təşəkkürümü bildirirəm".

Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi barədə Enriko Lettanı məlumatlandırdığını deyən İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hələ də nizamlanmayıb.

Dövlət başçısının sözlərinə görə, beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bir çox bəyannamələr, qətnamələr və qərarlar qəbul ediblər: "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi regionumuzda yaxşı şərait yaradacaq".

Regional əməkdaşlığın çox vacib olduğunu qeyd edən Prezident bildirib ki, Azərbaycan bu baxımdan əhəmiyyətli rol oynayır: "Çünki Qafqaz və Xəzər regionu ölkəsi olan Azərbaycanın Avropa ilə sıx əlaqələri var. Əminəm ki, gələcəkdə daha yaxşı nəticə əldə edəcəyik".

İtaliya və Azərbaycan arasında yaxşı münasibətlərin olduğunu deyən İlham Əliyev bildirib ki, Enriko Lettanın səfəri iki ölkə arasında əməkdaşlığa yeni təkan verəcək: "Ümid edirəm ki, biz yaxın illərdə mədəniyyət sahəsində münasibətlərin böyük inkişafının şahidi olacağıq. İtaliya Azərbaycanda tanınır.
Azərbaycan isə İtaliyada hələ yaxşı tanınmır. Ümid edirəm ki, yaxın illər ərzində fəal əməkdaşlığımız sayəsində İtaliya ictimaiyyətinə geniş mənada özümüzü təqdim edə biləcəyik. Ümid edək ki, yaxın illərdə uğurlu əməkdaşlığı davam etdirəcəyik".

Daha sonra jurnalistin sualını cavablandıran İlham Əliyev deyib ki, enerji sektoru, xüsusilə TAP layihəsinin həyata keçirilməsi zamanı böyük rol oynayır və oynamaqda davam edəcək: "Biz iqtisadi əməkdaşlığımızı genişləndirməliyik. Əminəm ki, bir çox yeni imkanlar yaranacaq".

Prezident bildirib: "Eyni zamanda hesab edirəm ki, qeyri-enerji sahəsində böyük potensialımız mövcuddur. Əslində qeyri-enerji sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirmək hökumətimizin əsas prioritetlərindən biridir. Və İtaliya bizə şaxələndirmə layihəsini həyata keçirməkdə kömək edə bilər".
İtaliyadan sənaye sahəsi üzrə nümayəndə heyətinin Bakıya səfərinin gözlənildiyini deyən Prezident qeyd edib ki, iki ölkənin hökumətlərarası komissiyasının yığıncağı keçiriləcək:
"Biz əməkdaşlıq üçün yaxşı sahələr tapmağı müzakirə edəcəyik. Mən tikinti, turizm, kənd təsərrüfatı sahələrinin adını çəkə bilərəm".

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda yeni sənaye obyeklərinin yaradılması da gündəlikdə dayanır: "Bundan başqa, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı da gündəlikdədir".

İlham Əliyev deyib: "Əminəm ki, TAP layihəsini həyata keçirdiyimiz və enerji sektorunda əməkdaşlığımızı yüksəltdiyimizlə eyni vaxtda iqtisadiyyatımızın qeyri-enerji sahəsinə köklənəcəyik. Burada məqsəd ticarət münasibətlərimizi şaxələndirmək, ölkələrimiz və xalqlarımız arasında daha yaxşı münasibətlər qurmaqdır".


Teqlər:  





Xəbər lenti