Soyuq müharibə: Qütblər uğrunda mübarizə güclənir – TƏHLİL

Soyuq müharibə: Qütblər uğrunda mübarizə güclənir – TƏHLİL
  27 Avqust 2016    Oxunub:11415
Antarktidanın 60 dərəcə cənub paralelinə düşən zonasında çox zəngin təbii sərvətlərinin olduğu iddia edilir. Hazırda qitədə müxtəlif ölkələrdən 4 minə qədər elm adamı çalışır. Ümumulikdə isə rəsmən 31 dövlətə məxsus 64 baza yerləşir.

Şimal bölgə (Arktika) daha çox bol neft ehtiyatları və dövlətlərin hegemonluq iddiaları ilə gündəmdədir. Bununla yanaşı, Şimal Qütbü son illərdə geosiyasi araşdırmaların da əsas predmetlərindən biri kimi maraq doğurur. Qeyd etmək lazımdır ki, Arktik bölgə heç də boş bir ərazi deyil. Həmin məkanda insanların yaşaması nəticəsində ekosistem və ətraf mühitdə dəyişikliklər müşahidə olunmaqdadır. Alyaska daxil olmaqla, Arktik bölgədə təxminən 14 milyon insan yaşayır. Buzların əriməsi nəticəsində bölgəyə daha çox gəmi gəlir ki, burada da əsas məqsəd üzə çıxan ərazilərdə dəniz altında olan qiymətli mineralların aşkarlanmasıdır.

ABŞ-ın apardığı araşdırmalarına görə, dünyanın aşkarlanmamış neft qaynaqlarının 13, qaz ehtiyatlarının isə 30 faizi Arktik bölgənin payına düşür. ABŞ Alyaskada kəşf etdiyi enerji yataqlarını istismar etmək üçün 1200 kilometrlik boru xətti çəkib. Rusiyanın isə ərazidə 45 milyon barrel neft, 23 trilyon kubmetr qaz olmaqla, ümumi dəyəri 8 trilyon dollarla ölçülən enerji ehtiyatları var.

Arktik bölgədəki siyasi dəyişikliklərə 8 ölkə - ABŞ, Rusiya, Kanada, Danimarka, Norveç, Finlandiya, İslandiya və İsveç cavabdehdirlər. Arktik bölgədəki buzların əriməsi ölkələri bu ərazilərə daha çox cəlb edir, qütblərdə daha çox sərvətlərə sahib olmağa həvəsləndirir. Şimal qütbündə əsas hegemonluq edən ölkə Rusiyadır. Digər ölkə isə Kanadadır ki, Rusiyadan sonra qeyd olunan bölgədə torpaq iddiaları ilə çıxış edir. Üçüncü yerdə Qrelandiyanın sahibi Danimarka gəlir. Norveç də öz növbəsində üç ayrı bölgədə ərazisini genişləndirmək üçün müxtəlif vasitələrə əl atmaqdadır.

Soyuq Müharibə dövründə SSRİ Arktik bölgədə hərbi cəhətdən daha aktiv sayılırdı. Həmin miras Rusiyaya qalıb: 10 ədəd buzqıran gəmi, 6 ədəd Arktik "Akula" adlı sualtı qayıq, 200 ədəd MİG-31 adlı Arktik qırıcılar, Tu-95 bombardmançıları və xüsusi yetişdirilmiş özəl qüvvələr. ABŞ-la münasibətlərin kəskinləşməsi fonunda rəsmi Moskva Arktikada fəaliyyət sferasını daha da genişləndirməkdədir.

Birləşmiş Ştatlar bu vaxta qədər Arktik bölgədə elə də fəal olmasa da, Alyaskada neftin kəşf olunması Vaşinqtonu da hərəkətə keçirdi. Amerikaya Berinq boğazından şimala doğru su limanı və infrastruktur lazımdır. Bu yöndə təcrübəsiz olan Ağ Ev Kreml ilə əməkdaşlıq etməyə can atsa da, Ukrayna münaqişəsi bu istəyi həyata keçirtməyə mane olur. Hərçənd, zamanında Rusiya, ABŞ və Norveç birlikdə "Northern Eagle" adlı müştərək hərbi tədqiqatlar reallaşdırıblar. Bir məqamı da vurğulamaq lazımdır ki, ABŞ BMT-nin Dəniz Hüquqi razılaşmasını hələ ki, imzalamayıb.

ABŞ Artik bölgədə Rusiya ilə əməkdaşlığa nə qədər çalışsa da, Rusiya iş birliyini Hindistana təklif etdi. 2014-cü ildə Vladimir Putinin Hindistana səfəri zamanı "Drujba-Dosti" (sonsuza qədər dost) adlı müqavilənin imzalanması Birləşmiş Ştatların gözləntilərini alt-üst etdi. Bu razılaşmaya görə, Rusiya və Hindistan Arktik bölgədə az tapılan maddələrin aşkarlanması yönündə birgə çalışacaqlar.

Rusiyanın regiondakı hərbi aktivliyini nəzərə alan Kanada 2007-ci ildən bu yana hər il "Nanook tədqiqatı" həyata keçirir. Norveç isə Rusiyanın fəallığından dolayı yaratdığı Arktik hərbi taburunu gücləndirib. Norveç də Rusiya ilə paralel, bölgəyə çox iddialıdır. Norveçin yeni qanun dəyişiklikləri onun bölgədən böyük ərazini nəzarətə götürməsinə və təhdid olaraq gördükləri rusları yaxından izləməsinə şərait yaradır. Beləcə, Norveç də hegemonluq iddiaları ilə ortaya atılmış olur.

2013-cü ildə Norveç 14 ölkənin iştirakı ilə 16 min nəfərdən ibarət əsgəri personalla "Soyuq Cavab" adlı ortaq təlimlər təşkil edib. 2012-ci ilin mart ayında Britaniya, Norveç, İsveç, Finlandiya və Danimarka Arktik bölgədə hərbi əməkdaşlığı realizə etmək üçün müqavilə imzalayıblar. Bu ittifaqa Britaniya rəhbərlik edir.

Maraq doğuran başqa bir nüans isə Norveç ilə Rusiyanın arasında gərginliyin olmasına baxmayaraq, hələ də Norveçin bu istiqamətdə həm Rusiya, həm də Britaniya ilə əməkdaşlıq etməsidir. Barens dənizində “Gazprom”un təbii qaz layihəsinin reallaşdırılması 2016-cı ildə yekunlaşacaq və bu layihədə Norveç 42% paya malikdir.

Arktik bölgəyə aid olmayıb, lakin bölgədə karbohidrogen və digər istəklərdən ötrü Antraktidada siyasi, iqtisadi və elmi araşdırmalarla təmsil olunan ölkələrdən biri də Çindir. Milli gəlirinin 46%-ni ölkələrarası tranzit gəlirləri ilə təmin edən rəsmi Pekin Rusiyanın şimalında Arktik bölgədən istifadə etmək istədiyini bildirir. İndiyə qədər Çin Artikaya 6, Antraktidaya isə 30 dəfə ekspeditsiya reallaşdırıb. Bir nüansı da vurğulamaq lazımdır ki, Arktik konqressdə müşahidəçi statusada olan Çin dünyanın nüvə ilə çalışmayan ən nəhəng buzqıran gəmisini (Xuelong - Qar əjdahası) inşa edib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti