`Qurban versək, Qərb də bizə kömək edəcək` – Fuad Qəhrəmanlının çağırışları (FOTOFAKT)
Azərbaycana qarşı saxta “siyasi məhbus” siyahıları düzəldənlər bayram edə bilərlər: gələcək namizədləri rollarını əla oynayırlar! Həm Taleh Bağırov, həm AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, həm də digərləri hazırda bir məqsədə işləyirlər: özlərindən “dissident” obrazı yaratmaq və məhkəmədən sonra “siyasi məhbus” siyahılarının fəxri yerlərini doldurmaq. Halbuki, baş verənləri siyasiləşdirmədən, sadəcə, günahlarını etiraf etsələr, yəqin, özləri üçün də daha yaxşı olardı. Amma onları yönəldənlər üçün bu, heç də məqbul çıxış yolu deyil. Ona görə də, ötən ilin noyabrın sonlarında Nardaranda başlayan proses indi məhkəmədə davam edir.
Halbuki, ortada ikisi polis olmaqla 6 nəfərin həlak olması faktı var. Bu, konkret cinayətdir və onun təşkilatçıları da, icraçıları da qanun qarşısında cavab verməlidirlər.
Fuad Qəhrəmanlı məhkəmədəki sonuncu çıxışında deyir ki, feysbukda insanları hakimiyyətə qarşı zorakılığa səsləyən heç nə yazmayıb. Halbuki, faktlar tam əksini göstərir. Məsələn, bu, statusunda o, şiə əhaliyə xitab edərək, onları Taleh Bağırovu dəstəkləmək üçün meydana çıxmağa çağırır. Üstəlik, təhqir də edir: deyir ki, onlar İmam Hüseyni də meydanda tək qoyardılar – bir şiə üçün bu, çox ağır sözdür. Bu yolla Fuad Qəhrəmanlı onların hisslərilə oynamağa və nardaranlıları, eləcə də digər şiə əhalini küçəyə çıxmağa təhrik etməyə çalışırdı.
Bu, açıq-aşkar dini siyasətə qatmaq cəhdidir. Hətta daha artıq: dindən istifadə edərək, iğtişaş yaratmaq üçün səy göstərməkdir. Həmin dövrdə AXCP və onun nəzarətində olan Milli Şura heç bir sosial bazaları olmadığı üçün siyasi proseslərə müdaxilənin başqa bir yolunu tapa bilmədiklərindən, çəkinmədən dinə əl atır, insanların dini hisslərilə oynayaraq, onları bu üsulla siyasətə qatmağa çalışırdı. Bu da siyasi radikalları dini radikal Hacı Tale Bağırovla, daha dəqiqi, onun arxasında dayanan qüvvələrlə yaxınlaşdırmışdı. İki radikal qrup ölkədə dini gərginlik yaratmalı, sonra isə həmin gərginliyi başqa sferalara - əvvəl sosial, sonra isə siyasi müstəvilərə də keçirməli idi.
Bunun belə olduğu Fuad Qəhrəmanlının Nardaran hadisələri ərəfəsində yazdığı statuslardan da bilinirdi – onlar bir növ qəsəbədəki iğtişaşa hazırlıq məqsədi daşıyırdılar.
Nardaran faciəsi noyabrın 26-da olub. Fuad Qəhrəmanlı isə oktyabrın 24-də yazdığı statusda açıq-aşkar ekstremist xarakterli çağırışla xalqı həm təhqir edib, həm də qarşıdurmaya səsləyib:
`Yezidin yanında durub, İmam Hüseyn üçün ağlayan azərbaycanlılar
Yezidin ordusunun üstünə 72 nəfərlə gedən İmam Hüseynə ağlamaqla, onun yolunda ehsan verməklə, təziyə saxlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz. Biz azərbaycanlılar üçün işin ən asanı da budur.
İmam Hüseynin yolunu getmək üçün onun kimi zülmlə barışmamaq, əqidə və ədalət uğrunda mübarizə aparmaq, məmləkətdə baş verən haqsızlıqlara göz yummamaq lazımdır...
...Bu gün dubinka qorxusundan meydana çıxmayanların o zaman qılınc üstünə getməyə cəsarətləri çatardımı?
Bu İmam Hüseyn "aşiqləri" İmam Hüseyni meydanda tək qoymaqlarına bəraət qazandırmaq üçün deyərdilər ki, "biz siyasətə qarışmırıq".
(Burada faktik olaraq, dindarlar siyasətə qarışmağa təhrik edilir – red.)
Zaman nisbidir, yüz illər öncə haqq uğrunda mübarizə aparmaqdan qorxan zehniyyəti daşıyanlar, o zaman İmam Hüseyni meydanda Yezidin qarşısında tək buraxdılar, bu gün də Yezidin əməllərini davam etdirən hakimiyyətin qarşısında mübarizə aparanları tək buraxırlar.
(Burada isə dindarlar “hakimiyyətlə mübarizə aparanların” yanında olmağa səslənir– red.)
İl boyu haqqın qətl edilməsinə, insanlığın alçaldılmasına, yalanın, haramın hökm etməsinə, ədalətin tapdanmasına susucaqsınız, sonra da Aşura günü ağlamaqla, baş-gözünüzə döyməklə özünüzü İmam Hüseynin ardıcılları sayacaqsınız? Bu cür olmaqla ancaq İmam Hüseyni meydanda arxasız, köməksiz buraxmış kufəlilərə bənzəmək olar.
Yezidin əməllərinə etinasız qalıb, İmam Hüseyn üçün göz yaşları axıtmaq dindarlıq deyil, riyakarlıqdır.
(Burada isə hakimiyyətlə qarşı çıxmaq istəməyən dindarlar təhqir olunur– red.)
Gerçək imam Hüseyn aşiqisinizsə, o zaman niyə bu gün susursunuz? Niyə?
Niyə Yezidin əməllərinin, düşüncəsinin bu ölkədə hökm etməsi qarşısında səsinizi çıxarmırsınız?
İmam Hüseyn sizlərin yaltaqlandığı, qorxduğu, üzünə güldüyünüz günühkar gücə, haram hakimiyyətə qarşı mübarizə yolunda şəhid oldu. Siz bu düşüncə ilə necə səmimi olub imam Hüseyn üçün göz yaşı axıda bilərsiniz? Bu düşüncənin hakim olduğu insanın göz yaşlarının İmam Hüseynə heç bir aidiyyəti yoxdur. Çünki İmam Hüseyni qətl edən sizin biət etdikəriniz idi.
O zaman gedin öz gününüzə ağlayın, başınıza döyün ki, İmam Hüseyn məktəbindən, onun yolundan heç nə anlamırsınız. İmam Hüseynin Yezidin yanında olanların göz yaşlarına ehtiyacı yoxdur.
Göründüyü kimi, açıq-aşkar ekstremist bir çağırış olmaqla, insanların dini hisslərini istismar edərək, onları zorla hakimiyyətlə qarşıdurmaya çəkən bir statusdur. Sonrakı günlərdə Fuad Qəhrəmanlı bu çağırışları daha da intensivləşdirib. O, noyabrın 1-də görün, nə yazırdı:
Təsadüfə oxşamır. Noyabrın əvvəlində Hacı Talehin qrupu dini, Əli Kərimlinin qrupu isə siyasi tərəfdən gərginliyin yaranması yönündə çalışırdılar. Hacı Taleh də, Fuad Qəhrəmanlı da tez-tez çıxışlarında “Yezid”, “İmam Hüseyn” kimi sözlər işlədir, dindarların beyninə belə bir fikri yeritməyə cəhd edirdilər ki, əgər onlar meydanlara çıxmasalar, İmam Hüseyni Yezidin yanında tək qoyub qaçan satqınlardan heç bir fərqləri olmayacaq. Bu, bir daha təkrarlayım ki, şiə dindarlar üçün olduqca ağır, şəxsiyyətlərinə çox pis toxunan bir ittihamdır!
Nardaran hadisələri yaxınlaşdıqca Qəhrəmanlının aqressivliyi də artırdı. Noyabrın 3-də yazdığı statusda o, xalqı “qurban verməyə” səsləyir və bildirirdi ki, qurban versək, Qərb də bizə kömək edəcək.
“Qərb bizə kömək edəcək” – bu, lap Ostap Benderin “Заграница нам поможет” vədinə oxşayır. Amma Azərbaycan siyasətinin benderlərindən fərqli olaraq, Ostapın fırıldaqları qurban tələb eləmirdi, zorakılığa səsləmirdi. Ostap Bender taleh bağırovlara, fuad qəhrəmanlılara, əli kərimlilərə baxanda xeyli vicdanlı kombinator idi...
Əli Kərimlinin siyasi radikallar qrupu ilə Tale Bağırovun dini radikallar qrupunun birləşməsindən isə faktik olaraq terror, polisə müqavimət meydana çıxdı.
“Nardaran işi”nin məhkəməsi isə davam edir. Növbəti iclas avqustun 17-də olacaq. Görək, siyasi məhbus siyahısını doldurmaq missiyasını yerinə yetirənlər bu dəfə nələr deyəcəklər.
Vüsal Məmmədov
AzVision.az
Mövzu ilə bağlı həmçinin oxuyun:
`Nardaran işi`: Ssenari məhkəmədə davam edir – TƏHLİL