`Nardaran işi`: Ssenari məhkəmədə davam edir – TƏHLİL

`Nardaran işi`: Ssenari məhkəmədə davam edir – TƏHLİL
  09 Avqust 2016    Oxunub:23583
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət qeydiyyatından keçməmiş “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırov və dəstəsinin məhkəmə prosesi davam edir. Məhkəmə avqustun 3-dən başlayıb, hazırlıq iclasları isə iyulun 19-dan keçirilir. Ona görə də, artıq məhkəmənin gedişatı ilə bağlı bəzi qənaətlərə gəlmək mümkündür.

Düşünmək olardı ki – elə ən düzgün yol da bu idi, - Hacı Taleh və dəstəsi aradan keçən müddət ərzində baş verənlərdən nəticə çıxarıblar və məhkəmə prosesində səhvlərini etiraf edəcəklər. Amma prosesin gedişatında bunun tam əksi müşahidə olunur: təqsirləndirilən şəxslər sanki fürsətdən istifadə edərək, özlərindən dissident obrazı yaratmağa çalışırlar.

Məsələni siyasiləşdirən başqa bir məqam məhəkəmə önünə çıxarılan 18 nəfərin arasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da olmasıdır. Əli Kərimli ilə Cəmil Həsənli də son iclasda iştirak edirdilər. Milli Şura isə bu məhkəmə prosesini diqqətdə saxlamaqla bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Məqsədin nə olduğunu anlamaq çətin deyil: Nardaran hadisələrində qurulan ssenarinin indi də məhkəmədə davam etdirilməsi. Əlbəttə ki, Nardaran hadisələrini planlaşdıranlar və həyata keçirənlər bununla ölkədə dini çevriliş edəcəklərinə inanacaq qədər sadəlövh deyildilər. Məqsəd Azərbaycanda dini gərginliyin olduğunu göstərmək və başda AXCP olmaqla Milli Şuranın məhz bu istiqamətdən siyasi proseslərə təsir imkanı qazanmasına nail olmaq idi. Nümayiş etdirilməli idi ki, Azərbaycanda dindarlara təzyiq edilir, dindar zümrə hakimiyyətdən narazıdır, bu narazılığın da siyasi idarəçiliyi Milli Şuraya keçməli idi.

Milli Şuranın ölkədəki proseslərə birbaşa siyasi müstəvidə təsir imkanlarının olmadığı 2013-cü ildə ortaya çıxmışdı. Ondan sonra sosial problemləri qabartmaqla siyasətə yol açmağa çalışdılar. Məlum oldu ki, bu da alınmır. Üçüncü variant din amilindən faydalanaraq, siyasətə qarışmaq idi. Məhz bu sxem ortaya çıxandan sonra biz tez-tez AXCP rəhbərliyində olan şəxslərin dini mövzulara, terminlərə appellyasiya etdiyini görürdük.

Siyasi mövzulara “yezid”, “hüseyn” kimi dini epitetlərin gətirilməsi məhz o dövrə təsadüf edir. Milli Şura ilə Hacı Taleh Bağırzadənin ulduzlarının yaxınlaşması, daha dəqiqi, yaxınlaşdırılması da məhz o dövrdə baş tutdu. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı həmin dövrdə yazdığı statuslarda hakimiyyəti Yezidə bənzədir, xalqı və müxalifəti nardaranlılara, o cümlədən Tale Bağırov və onun tərəfdarlarına dəstək verməyə, hətta İmam Hüseyn kimi şəhid olmağa çağırırdı.



Hadisələrinin məğzinin məhz belə olmasını Hacı Taleh Bağırzadə məhkəmədəki çıxışlarının birində dolayısı ilə etiraf edib. O, deyib ki, “Müsəlman Birliyi Hərəkatı heç vaxt Azərbaycanda İslam dövlətinin qurulmasını istəməyib. Biz sadəcə, hakimiyyətin dəyişməsini istəyirik. Hakimiyyət isə dövlət deyil. Torpaqlarımızı işğal altında saxlayan da elə bu hakimiyyətdir”. Dini qurum hakimiyyətin dəyişməsini “istəməli” deyil. Dini qurumun məqsədi və fəaliyyəti dini təbliğ etməkdən ibarət olmalıdır, vəssalam. Bu sözlərilə Taleh Bağırzadə əslində siyasi ssenari yerinə yetiridklərini boynuna alıb.

Əlbəttə ki, din və siyasətlə bu cür təhlükəli oyun faciəyə gətirib çıxarmaya bilməzdi. Çıxardı da: Nardaranda güc orqanlarına müqavimət nəticəsində başlayan atışmada ikisi polis olmaqla 6 nəfər həyatını itirdi. Amma peşman olub üzr istəmək, günahını boynuna almaq əvəzinə, bu hadisənin səbəbkarları ötən ilin payızında başlatdıqları siyasi şounu indi də məhkəmədə davam etdirirlər. Görünür, tapşırıq belədir ki, “Show must go on…”

Hacı Taleh və tərəfdarlarının məhkəmədəki çıxışları Milli Şuranın mitinqlərində səslənən populizmlərdən heç nə ilə fərqlənmir. İddia edirlər ki, guya hadisələr quramadır, guya o silahlar Nardarana qəsdən atılıb: “…Evimizə atılan silahla Qarabağı qaytarmaq olardı”; və hətta lap ağını çıxaraq, bildirirlər ki, həlak olan polisləri də öz həmkarları qəsdən vurublar! Bu, artıq vicdansızlıq və ölkənin sabitliyi, təhlükəsizliyi uğrunda həyatını itirənlərin ruhuna hörmətsizlikdir.

Sual çıxır: yaxşı, lap tutaq ki, silahı Müsəlman Birliyi Hərəkatının üzvlərinin evinə kimsə atmışdı; bəs o silahı götürüb polisə atəş açmağı necə, kimsə gəlib onların yerinə etmişdi? Axı güc orqanına müqavimət göstərməyi kimsə başqasının yerinə edə bilməz...

Faciənin üzərində xal qazanmağa çalışmaq siyasi bayquşluqdur. Hacı Taleh və dəstəsi məhkəmədə siyasi bəyanatlar verirlər, Milli Şura isə dərhal onları bəyanat şəklində dünyaya yaymağa çalışır. Beləcə, siyasi oyun davam edir, ssenari hətta məhkəmədə də başa çatmayıb. Halbuki, günahlarını səmimi boynuna alıb, üzr istəmək Hacı Taleh Bağırzadə və dəstəsi üçün ən gözəl və ən doğru seçim olardı. Hələ ki məhkəmə davam edir, buna şans var.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti