Uçot dərəcəsi nədir və nəyə lazımdır?

Uçot dərəcəsi nədir və nəyə lazımdır?
  05 Avqust 2016    Oxunub:12777
Mərkəzi Bankı uçot dərəcəsini 9,5 faizə qaldırıb
Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyəti 8 avqust 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Bəs Uçot dərəcəsi nədir?

AzVision.az xəbər verir ki, Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.


Təcrübədə isə bu aşağıdakı formada həyata keçirilir:

Tutaq ki, kommersiya bankı Mərkəzi bankdan 1 milyon dollar götürə bilər. 1 ildən sonra isə o Mərkəzi Banka ondan əldə etdiyi ümumi məbləği və + həmin dövr ərzində toplanmış yenidən maliyyələşmə dərəcəsini (uçot dərəcəsini) geri qaytarmalıdır.

Həmin il ərzində kommersiya bankı həmin pulları uçot dərəcəsindən yüksək faizlə əhaliyə və təşkilatlara kredit olaraq verir və gəlir əldə edir. Bunu rəqəmlərlə izah etməli olsaq tutaq ki, Mərkəzi Bankın təyin etdiyi yenidən maliyyələşmə dərəcəsi 10% təşkil edir. Bank Mərkəzi Bankdan 10%-lə məbləği əldə edir və onu vətəndaşlara 18%-lə kredit şəklində verir. Aradakı fərqi kommersiya bankı və yaxud kredit təşkilatı gəlir olaraq əldə edir.

Uçot dərəcəsi necə təyin edilir?

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan xarakter alır. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə həvəs göstərir.

Nəticədə, insanların sahib olduğu pul kütləsi artdıqca edilən alış-veriş həcmi də artır. Beləliklə, məhsulların dəyəri yüksəlir. Məhsul həcmi azaldıqca satıcılar qiymət qaldırmağa başlayır. Bununla bərabər inflyasiya artmağa başlayır. İnflyasiyanın yüksək həddi insanların həyat şərtlərinə təsir edir. İnflyasiya nə qədər yüksəkdirsə, insanların həyat şərtləri bir o qədər aşağıdır və təbii ki, bu onları qane etmir.

İnflyasiyanın yüksək olması insanların həyat şərtlərinə təsir edir. İnflyasiya nə qədər yüksək olarsa, insanların yaşayış səviyyəsi bir o qədər enməyə başlayır və təbii ki, bu əhalini qane etmir. Bu vəziyyət isə öz növbəsində dövlət üçün təhlükə xarakteri daşıyır.

Bu səbəbdən də, yenidən maliyyələşmə dərəcəsi ölkədə inflyasiya səviyyəsinə təsir etmə aləti rolunu oynayır. İnflyasiyanı endirmək üçün yenidən maliyyələşmə dərəcəsi qaldırılır. Bu səbəbdən də kreditlər bahalaşmağa başlayır. Belə olduqda, kredit əldə etmək vətəndaşlar üçün sərfəli olmur və bu da özünü onların alıcılıq qabiliyyətində əks etdirir.

İnsanların pulu azalır və az xərcləməyə başlayırlar. Onlar tərəfindən qazanılan məbləğ yalnızca vacib, gündəlik xərclərin qarşılanmasına sərf olunur. Bu səbəbdən də, mağazalarda satış həcmi enir və satıcılar qiymətləri endirməyə məcbur olur. Bütün bunlar sonda inflyasiyanın enməsinə səbəb olur.

Xatırladaq ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 15%-ə bərabər olub və bu barədə müvafiq qərarı Mərkəzi Bank 2008-ci ilin iyun ayında qəbul edib. Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub.

AzVision.az


Teqlər:





Xəbər lenti