Bu il 200-dən çox bal toplayan abituriyentlərin sayı artıb

Bu il 200-dən çox bal toplayan abituriyentlərin sayı artıb
  29 İyul 2016    Oxunub:7362
Buraxılış imtahanlarında nümayiş etdirilən uğurlar bu ilin qəbul imtahanlarının nəticələrində də öz təsdiqini tapıb.
AzVision.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 31 397, II ixtisas qrupu üzrə 22 135, II ixtisas qrupu üzrə 19 673, IV ixtisas qrupu üzrə 5 340 nəfər olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilikdə, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib.

Xüsusi olaraq qeyd edilməlidir ki, bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur. Qruplar üzrə nəzər salsaq, I qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin göstəricisi ötən illə müqayisədə 3,7%, II qrup üzrə 5,3%, III qrup üzrə 0,5%, IV qrup üzrə 9,9% yaxşılaşma qeydə alınıb:

“Ali məktəblərə qəbul imtahanlarında bütün ixtisaslarda abituriyentlərin topladığı ballar üzrə müşahidə edilən artım tempi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun həyata keçirilən tədbirlərin, təhsilverənlərin, təhsilalanların və valideynlərin səmərəli əməkdaşlığının daha yaxşı təşkili baxımından görülən işlərin sayəsində mümkün olub. Ali məktəblərə qəbul imtahanlarında uğur qazanan bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini təbrik edir, tələbələrə gələcək təhsillərində uğurlar arzulayırıq.

Ali məktəblərə qəbul imtahanlarında müvafiq keçid balını toplaya bilməyən abituriyentlərə isə ruhdan düşməməyi, zəruri bilik və bacarıqları əldə etmək üçün mövcud imkanları düzgün dəyərləndirməyi tövsiyə edirik. Hazırda ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun ilk peşə-ixtisas təhsilli mütəxəssislərə ciddi ehtiyac duyulmaqdadır. Təhsil Nazirliyi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini, müasir iqtisadi çağırışlara çevik reaksiya vermək qabiliyyəti olan ilk peşə-ixtisas təhsili sisteminin formalaşdırılmasını və mövcud peşə təhsili şəbəkəsinin dövlət-biznes partnyorluğuna əsaslanan sistemə transformasiyasını təmin etmək üçün kompleks tədbirlər həyata keçirir. Odur ki, müasir dövrün tələbinə uyğun ilk peşə-ixtisas təhsili ixtisaslarına yiyələnmək üçün yaradılmış imkan və potensialdan yararlanmaq abituriyentlərin seçimindən və istəyindən asılıdır”- deyə, qeyd olunub.

Bu il ilk-peşə ixtisası müəssisələrində qəbul planı üzrə müxtəlif ixtisaslar üzrə 19000- dən artıq yer nəzərdə tutulub. Abituriyentlər ilk-peşə ixtisası təhsilinə yiyələnməklə müvafiq bilik və bacarıqlara sahib ola, bu sahədə təhsillərini uğurla bitirdikdən sonra ölkə iqtisadiyyatına töhfə verə, öz fərdi bizneslərinə başlaya bilərlər.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti