Mətbuatın politoloq problemi: Jurnalistlər nədən narazıdır?

Mətbuatın politoloq problemi: Jurnalistlər nədən narazıdır?
  04 İyul 2016    Oxunub:10355
Jurnalistlər dünyada və ölkədə baş verən ictimai-siyasi proseslər, onların gələcək inkişaf perspektivi barədə danışmağı adətən politoloqların öhdəsinə buraxır, onların proqnozlarını qələmə alaraq oxuculara çatdırır. Bəzən politoloqların şərhləri özünü doğruldur, bəzənsə hadisələr tam əksinə cərəyan edir.

Sual olunur: Ölkəmizdə proseslərin uğurlu təhlilini aparıb, düzgün proqnozlar verən kifayət qədər politoloq varmı? Həmkarlarımız onların ümumi səviyyəsindən, təhlillərindən, şərhlərindən razıdılarmı?

AzVision.az bu sualla KİV nümayəndələrinə müraciət edib.



“Yeni Müsavat” qəzetinin siyasət yazarı Elşad Paşasoy ümumi mənzərənin qaneedici olmadığını deyib: “Azərbaycan elə bir regionda yerləşir ki, burada yaşananların ictimai rəyə savadlı şəkildə, incəliyinə qədər çatdırılması çox önəmli məsələdir. Siyasi təhlilçilər bu mənada mühüm rol oynaya bilərlər. Ölkəmizdə şərhlərinə və prqonozlarına ciddi yanaşılan politoloqun sayı barmaqla sayılacaq qədərdir. Bu mənada mətbuatın da ekspert qıtlığından dolayı çətinlik çəkdiyini deyə bilərik. Nə yaxşı ki, bəzi siyasi şərhçilərimiz öz üzərində ciddi işləyir, gündəmdəki mövzuları sərf-nəzər edir, sosial şəbəkələrdə və mətbuatdakı fikirləri ilə yaranmış boşluğu doldurmağa çalışırlar. Bəzi siyasi təhlilçilər var ki, onların analitik qabiliyyətinə, şərhlərindəki dərin, məzmunlu təhlilə söz ola bilməz. Kiminsə adını unudaram deyə, konkret ad çəkmək istəmirəm. Lakin ümumi mənzərə qaneedici deyil. Necə deyərlər, bir güllə bahar olmaz. 10 milyonluq ölkə üçün əslində sözünə, təhlilinə ciddi önəm verilən politoloqların sayı ürəkaçan deyil. Özlərini ictimaiyyətə politoloq, siyasi şərhçi, analitik kimi təqdim edən bir sıra şərhçilər də var ki, onlar sadəcə mətbuatda fotolarının getməsi, telekanallarda adının çəkilməsi, görüntüsünün yayılması üçün "zəhmətə qatlaşırlar". Bəlkə də belələri daha faydalı işlə məşğul ola bilərdilər”.



Modern.az saytının siyasət yazarı Aqşin Kərimov hesab edir ki, Azərbaycanda müxtəlif mənbələrdən informasiyaları və bunun əsasında yazılan təhlilləri uzlaşdırıb, real nəticəyə işarə edən proqnoz səsləndirənlər var: “Zənnimcə, Elxan Şahinoğlu daha obyektiv, qərəzsiz və hərtərəfli analizlər verir. Bura Qabil Hüseynlini də əlavə edərdim. Amma onda çatışmayan bir xüsusiyyət var. Qabil müəllim bəzən proqnoz verərkən hissləri kobud şəkildə ağlı və məntiqinə müdaxilə edir. Bu da nəticədə onun dediyi proqnozların özünü doğrultmamasına gətirib çıxarır. Məsələn, onun Türkiyə prezidenti və Rusiya prezidentinə olan nifrəti rasioanl nəticələr çıxarmağa əngəl yaradır, reallıqlar isə arxa plana keçir. Bununla belə, Qabil Hüseynlinin şərhlərini bir neçə kateqoriyalara görə, tam da olmasa, qismən qanedici hesab etmək olar.

Demək olar ki, Azərbaycanda politoloqların əksəriyyətinin proqnozları özünü doğrultmur. Bu normaldır, hər bir proqnozun mütləq şəkildə özünü doğrultması kimi bir düşüncə yoxdur. Amma heç olmasa, reallıqla az-çox səsləşən fikirlər səsləndirmək olar ki, bunu da bir çox politoloq etmir. Məsələn, Türkiyədəki parlament seçkilərində çoxu AKP-nin uduzacağını və Ərdoğan hakimiyyətinin sona çatacağı proqnozunu verirdi. Halbuki, 180 dərəcə bunun əksi oldu”.



“Cümhuriyət” qəzetinin müxbiri Mənsur Rəğbətoğlunun sözlərinə görə, bizim politoloqlarda sistemsizlik mövcuddur: “Məsələn bu gün “Qarabağ azad olunacaq” deyən politoloqun bir həftə sonra ruh halı dəyişir və pessimist, poetik bir vəziyyətdə “Qarabağ qayıtmayacaq” deyir. Politoloq jurnalistlərimiz kimi gündəmə işləyən sensasion, qeyri-adi proqnozlar verməməlidirlər. Bu səmimilik deyil. Görünən odur ki, ya siyasi prosesləri izləmirlər, ya da beziblər. Şübhəsiz ki, obyektiv və məntiqi əsaslara söykənən proqnozlar verən politoloqlarımız var. Amma onlar çox azdırlar və cəmiyyətdə nüfuz sahibi deyillər”.



Qafqazinfo.az saytının müxbiri Günel Türksoyun fikrincə, Azərbaycanda çox az sayda peşəkar politoloq tapmaq olar: “Politoloqun işi baş verən siyasi hadisələrə şərh, gələcəklə bağlı siyasi proqnozlar verməkdir. Proqnozları düz çıxan politoloqlar az saydadır. Biz demək olar ki, hadisələrə fərqli yanaşmanın şahidi olmuruq. Bəzən jurnalistin özünün də bildiyi şərhi politoloq verir. Bu da qaneedici olmur. Azərbaycanda bu sahədə savadlı, məntiqli kadrlara ehtiyac var. Elə politoloqlar olmalıdır ki, onlar dövlətin yürütdüyü siyasətə bilavasitə təsir edə bilsinlər. Dövlət bu müstəqil institutun imkanlarından faydalana bilməlidir”



Femida.az saytının siyasət yazarı Ceyhun Əhmədli də politoloqların verdiyi proqnzoların özünü doğrultmamasından gileylənib: “Bu, bir sıra amillərlə əlaqəlidir. İlk öncə qeyd edim ki, bir çox siyasi analitiklərimiz məsələ ilə bağlı dərindən araşdırma aparmadan şərh verirlər. Daha dəqiq desək, danışmaq xatirinə şərh verməyi üstün tuturlar. Bu cür yanaşma proqnozun sonda özünü doğrultmaması ilə nəticələnir. Mükəmməl şərh dərindən araşdırma tələb edir. Əfsuslar olsun ki, vaxtilə çox maraqlı şərhləri ilə diqqət cəlb eliyən analitiklərimiz bəlli bir səviyyədə tanındıqdan sonra məsələlərə əvvəlki kimi dərindən münasibət bildirmirlər. Nəticə etibarilə, bu gün ölkədə politoloq qıtlığı yaşanır. Bu sahədə ciddi irəliləyişə nail olmaq üçün ilk növbədə beyin mərkəzləri açılmalıdır. Və həmin mərkəzlərə gənc analitiklər cəlb olunmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində dövlət beyin mərkəzləri ilə əməkdaşlıq edir və dövlətlər beyin mərkəzlərinin obyektiv siyasi təhlillərindən öz xarici siyasətlərində istifadə edirlər. Düşünürəm ki, bu sistem Azərbaycanda da tətbiq olunsa, uğurlu nəticələrini tez bir zamanda görərik”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti