Diqqəli olun: “Facebook”da virus yayılır

Diqqəli olun: “Facebook”da virus yayılır
  28 İyun 2016    Oxunub:5493
Azərbaycanda mobil telefonlara “Facebook” üzərindən virus yayılması halları aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Report”a yerli mobil operator istifadəçilərindən biri məlumat verib.

Məlumata görə, “Facebook” istifadəçiləri bu sosial şəbəkədə Türkiyə türkcəsində yayımlanan “İş makinesi kuleyi arabanın üstünə yıkıyor”, “Kadın erkeklere şaka yaparken kötü sonuçlandı” və s. başlıqlı videoları klik edərkən həmin videoların açılması əvəzinə, “hitvideos.pw” saytına yönləndirilirlər.

Virus linkə keçid aldıqdan sonra abunəçilərdə çaşqınlıq yaradaraq “videonu izləmək” üçün “Play” düyməsinə basmaq təklif olunur. “Play” düyməsini basdıqdan sonra isə istifadəçinin balansından avtomatik olaraq 0.59 manat çıxır və bu məbləğin gündəlik çıxılacağı haqqında bildiriş mesajı gəlir.

Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir.

Virus yayılan videoların mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti ilə əlaqəsi olması müəyyənləşdirilib, məhz bu şirkət istfadəçilərdən pul silir.

Qeyd edək ki, bundan əvvəl də yerli mobil operator istifadəçiləri telefondan bəzi xəbər saytlarına keçid edərkən “hot-ero.net” saytına yönləndirildiklərini bildiriblər.

Məlumata əsasən, virus telefon istifadəçilərini çaşqınlığa salaraq “EROTUBE 18+” nümayiş etdirib – “Play” basandan sonra pul silinərək video yerinə, erotik foto təqdim olunurdu. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir. Bildirilirdi ki, eyni cür virus, həmçinin wap.edugate.az saytına keçidi də təmin edir.

Araşdırma nəticəsində virus yayılan xidmətin mobil operatorlar üçün “Navigator Mobile Services” (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət ölkədə fəaliyyət göstərən mobil operatorla əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir.

Xatırladaq ki, daha əvvəl yayılmış xəbərlərə görə, eyni tipli viruslar “WhatsApp” vasitəsi ilə də yayılırdı və onu da məhz NMS şirkəti təqdim edirdi. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bəyanat yayaraq Azərbaycanın “WhatsApp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta “WhatsApp” hesablarından fırıldaqçı mesajlar gəldiyi haqqında məlumat vermişdi.

Bayanatda qeyd olunurdu ki, “Göndərilən mesajlarda “WhatsApp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və “Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapırdı.

Qısa yoxlamadan sonra NMS şirkətinin saytının və həmin virus xarakterli videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib.



AzVision.az


Teqlər:





Xəbər lenti