Azərbaycan qızıl almaqla nə qədər itirib?

Azərbaycan qızıl almaqla nə qədər itirib?
  27 İyul 2013    Oxunub:2200
2013-cü ilin əvvəlindən başlayaraq qızılın qiymətinin düşməsi prosesi dinamik tempdə davam edir. Son 6 ay ərzində isə qızılın qiyməti təxminən 21% enib. Hazırda dünya bazarlarında qızılın 1 qramının qiyməti 43 dollar, 1 unsiyası isə 1333 dollardır.
Qızılın qiymətinin enməsi tendensiyası isə bazarda qiymətli metala olan marağın azalması ilə bağlıdır. Artıq investorlar yavaş-yavaş qiymətli metal bazarına yatırdıqları investisiyaları geri çəkərək, real iqtisadi sektora yönəltməyə başlayıblar. Bu, neft bazarında da belədir.

Bunula yanaşı, qiymətli metalın qiymətinin enməsi qızıl ehtiyatları olan ölkələri “sarı metal”ın bir hissiəsini satışa çıxarmağa sövq edib. Belə ölkələrin arasında Çin və Hindistan kimi nəhənglər də var. Təklifin artması da öz növbəsində qiymətli metalın qiymətinin düşməsinə yol açır.

Qeyd edək ki, son aylarda Azərbaycan qızıl ehtiyatlarını artırmağa çalışırdı. Lakin məsələ burasındadır ki, Azərbaycan qızılı qiymətlərin baha olduğu dövrlərdə alıb. Halbuki, qızılı qiyməti aşağı olanda almaq daha sərfəlidir. Bu baxımdan, hazırki durum qızılı almaq üçün iqtisadi cəhətdən əlverişli hesab edilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramovun sözlərinə görə, qızılın 2013-cü ildə dəyər itirəcəyi öncədən proqnozlaşdırılırdı. Çünki böhran qızıla olan tələbatı artırsa da, sonrakı mərhələdə bu qiymətli məhsula olan tələbin azalması iqtisadi qanunlara uyğundur: " 2008 və 2009-cu illərdə böhranın nəticələrini və müddətini proqnozlaşdırmaqda çətinlik çəkən investorlar öz pullarını qızılda saxlamağa üstünlük verdilər. Bu isə həmin dövrdə qızılın qiymətində artımlarla müşahidə edildi və bu qiymətli metalın qiyməti 2008-ci ilin böhran dövrü ilə müqayisədə 75 faizə yaxın artmışdı. Amma son 1 ildə qızılın qiymətindəki artımlar azalmalar ilə əvəz olunub”.

Bayramov qeyd edir ki, azalma tendensiyası 2013-cü ilin növbəti aylarında da davam edəcək. Bununla belə, bu il qızılın qiymətində dramatik azalmalar gözlənilmir və bu ilin birinci yarısında 1 qram qızılın orta qiymətinin 50 dollar olacağı proqnozlaşdırılır.

İqtisadçı ekspertin sözlərinə görə, qızılın qiyməti Azərbaycanın dövlət rezervlərinin dəyəri baxımından da əhəmiyyətlidir. Belə ki, Dövlət Neft Fondu 2012-ci ildə 15 ton qızıl alıb və bu il qızıl ehtiyatlarını 2 dəfə artırmaq niyyətindədir. Mərkəzi Bankın qızıl ehtiyatları yarım tondan çoxdur: "Neft Fondu qızılın alınma tarixi və eləcə də qiyməti ilə bağlı ictimaiyyətə məlumat vermədiyindən, bunun Azərbaycana neçəyə baş gəldiyi bəlli deyil. Bununla belə, son 1 ildəki qiymət azalmaları Neft Fondunun qızıl biznesindən gəlir deyil, zərər əldə etdiyini söyləməyə imkan verir. Praktik olaraq, Neft Fondunun aldığı qızılın qiymətinin aşağı düşməsi səbəbindən dövlət rezervlərinin dəyərində nisbi azalmalar müşahidə edilir”.

Ekspert 2008-ci ildən bəri dəfələrlə Neft Fondu aktivlərinin bir hissəsinin qızılda saxlanılmasını təklif etdiklərini deyir: "O zaman bu, onunla əlaqələndirilirdi ki, aktivlərin valyuta ilə saxlanılması arzu olunan deyildi. Qızıl isə qlobal maliyyə böhranı dövründə ən çox dəyər qazanan yığım vasitəsi idi. Bu baxımdan aktivlərin qızılla saxlanılması həmişə aktualdır. Lakin təəssüf ki, həmin vaxt Dövlət Neft Fondu aktivlərin qızılla saxlanılması barədə qərar qəbul etmədi. Qızılın qiymətindəki son azalmalar fonunda isə aktivlərin qızılla saxlanılması daha çox gecikmiş qərar kimi qiymətləndirilə bilər”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti