Azərbaycanda illik inflyasiya 10,4% olub
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2016-cı ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.
Ay ərzində düyü, qarabaşaq yarması, toyuq əti, kolbasa məmulatları, yumurta, kərə və zeytun yağları, şəkər və şəkər tozu, limon, portağal, naringi, banan, alma, armud, yerkökü, çuğundurun qiymətlərində bahalaşma, makaron məmulatları, mal və qoyun əti, pasterizə olunmamış üzlü süd, alça, çiyələk, pomidor, xiyar, badımcan, bibər, göy lobya, kələm, kartof, sarımsaq, soğan və göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
May ayında aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, zərgərlik məmulatları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, qaz plitəsi, elektrik sobası və kondisionerlərin qiymətlərində bahalaşma, televizor və kompüterlər, soyuducu və paltaryuyan maşınlar, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən soyuq su təchizatı və kanalizasiya xidmətlərinin qiymətləri bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
AzVision.az