Magistr olmaq istəyənlər imtahan verir

Magistr olmaq istəyənlər imtahan verir
  05 İyun 2016    Oxunub:2384
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2016/2017-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində aparılır.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verirlər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 3-dən 10-dək aparılıb və 9061 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8142 nəfəri Azərbaycan bölməsi, 919 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3299 nəfərini oğlanlar, 5762 nəfərini qızlar təşkil edir. 5045 nəfər ali təhsil müəssisələrinin builki, 4016 nəfər isə əvvəlki illərin məzunudur. 32 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 60 imtahan rəhbəri, 677 nəzarətçi-müəllim ayrılıb.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti