`Azərbaycanla birgə istənilən problemi həll edə bilərik` - Yıldırım
Spiker qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir:
“Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Bu yaxınlarda Almaniya parlamentində uydurma "erməni soyqırımı" ilə əlaqədar qəbul edilmiş qərar Azərbaycan ictimaiyyətinin də hiddətinə səbəb olub. Bütün bunlar dünyada mövcud olan ikili standartlardan xəbər verməklə yanaşı, həm də uydurma faktlardan istifadə edərək, bir sıra ölkələrə təsir etmək kimi cılız məqsədlər güdür”.
B.Yıldırım yeni vəzifədə Azərbaycana ilk səfərini etdiyini və bundan qürur duyduğunu söyləyib: “Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi layihələr buna parlaq misaldır. Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatına böyük yatırımlar edir. "Star" neft emalı zavodu layihəsi bu fikri bir daha təsdiqləyir. Bu gün layihənin reallaşmasında 15 mindən çox insan çalışır. Azərbaycanla Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim bu dostluğa, bu qardaşlığa zərər yetirə bilməz".
B.Yıldırım Almaniya parlamentində uydurma "erməni soyqırımı" ilə bağlı qəbul edilmiş qərarla əlaqədar Azərbaycan tərəfinin mövqeyini yüksək dəyərləndirib:
“Tarixi tarixçilərə buraxmaq lazımdır. Baş vermiş hər hansı bir hadisədən 100 il sonra onun üzərində siyasət qurmaq olmaz”.
B.Yıldırım Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqət çəkərək, bu ilin aprel ayında Azərbaycan ordusunun cəbhə xəttində əldə etdiyi uğurları yüksək qiymətləndirib, şəhidlərimizin ruhuna rəhmət diləyib. Qonaq vurğulayıb ki, Türkiyə ilə Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.
AzVision.az