“Müsavat söyüşlə cavab verir”

“Müsavat söyüşlə cavab verir”
  25 İyul 2013    Oxunub:1178
Son zamanlar Milli Şurada təmsil olunan Açıq Cəmiyyət və Müsavat partiyaları arasındakı gərginlik son həddə çatıb. Belə ki, ACP lideri Rəsul Quliyevin Müsavat başqanı İsa Qəmbəri prezidentliyə layiq bilmədiyi haqda açıqlamasına qarşı tərəfdən Arif Hacılı çox sərt və ACP liderini aşağılayan ifadələrlə cavab verib.
Yaranmış vəziyyətə münasibətini bildirən ACP sədri Sülhədin Əkbər baş verənlərin arxasında təmsil etdiyi partiyanın vahid namizədlə bağlı prinsipial və aydın mövqeyinin durduğunu deyib. Onun fikrincə, belə sərt və etikadan kənar üslubun seçilməsində məqsəd müzakirələri Milli Şuranın vahid namizədi ilə bağlı əsas mövzudan yayındırmaqdır.

“Milli Şuranın vahid namizədi ilə bağlı məsələdə ACP açıq, aydın, prinsipial mövqedədir. Biz bu mövqeyi istər mətbuat konfranslarında, istərsə də rəsmi toplantılarda vurğulamışıq. Bu da istər-istəməz Müsavat Partiyasının irəli sürdüyü namizədi ictimai rəydə xoşagəlməz duruma salır. Müsavat Partiyası da bu suallara cavab vermək, düzgün addımlar atmaq əvəzinə, təəssüf ki, siyasi etikadan kənar, təhqirlə, söyüşlə, yalan-böhtanla cavab verir. Bununla müzakirə olunan məsələnin müstəvisini dəyişməyə cəhd göstərirlər. Gündəmə öz aləmlərində aktual mövzu vermək istəyirlər ki, kəskinliyilə duran məsələlər, Milli Şuranın vahid namizədi ilə bağlı məsələ ikinci planda qalsın”.

Milli Şuranın vahid namizədi olduğu halda təşkilat üzvlərindən bir başqasının namizəd olmasını yolverilməz sayan ACP sədri vurğulayıb ki, birincisi, bu, siyasi-fəlsəfi baxımdan yanlışdır:

“Milli Şura qarşıdan gələn seçkilərdə vahid namizəd kimi Rüstəm İbrahimbəyovu irəli sürüb. Milli Şuranın başqa üzvünün namizədliyini irəli sürməsi təşkilatın siyasi fəlsəfəsinə ziddir. İkincisi, bu, strateji baxımdan yanlışdır. Milli Şuranın qarşıdan gələn seçkilərdə strategiyası birləşmiş müxalifətin vahid namizədi ətrafında xalqın etirazını səfərbər, beynəlxalq basqını təşkil etmək və demokratik seçki yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaqdır. Milli Şuradan ikinci bir namizədin ortaya çıxması bu strategiyaya ziddir. Üçüncüsü, bu addım taktiki cəhətdən də yanlışdır. Əgər əvvəllər hakimiyyət Rüstəm Ibrahimbəyovun ölkəyə qayıtmasına əngəl törətmək barədə düşünürdüsə, hazırda artıq onun namizədliyinin qeydə alınmaması niyyəti qabardılır.”

S.Əkbər bildirib ki, müxalifətdən iki namizədin olması, eyni zamanda vahid namizədin təbliğat imkanlarını və ona bəslənən ümidləri də azaldacaq.

“Nəhayət, belə bir mənzərə yarana bilər ki, Milli Şuranın vahid namizədi qeydə alınmır, Müsavat Partiyasının namizədi isə qeydə alınır və Milli Şura vahid namizədinin qeydiyyatı uğrunda mübarizəyə başladığı halda, Müsavat namizədinin təbliğat kampaniyasına başlayır. Biz bütün bunlarla bağlı ortaya aydın siyasi mövqe qoyuruq. Amma bu siyasi mövqeyə təhqiramiz, yalan, böhtanla dolu cavab verilir. Mən ACP sədri olaraq bəyan edirəm ki, biz bu xoş olmayan niyyətləri başa düşürük və qoymayacağıq ki, Milli Şura daxilində intriqalar salınsın. Bu məsələ həllini tapmayana qədər onun gündəmdə qalmasına çalışacağıq. Bizim siyasi etikadan kənar intriqalarda iştirak etmək niyyətimiz yoxdur. Biz bunun demokratik qüvvələrin birliyi üçün nə qədər ziyanlı olduğunu dərk edirik”.

S.Əkbər eyni zamanda Müsavat rəhbərliyinin R.Ibrahimbəyov vətənə qayıtdıqdan sonra onunla vahid namizəd məsələsini müzakirə edərək yekun qərar verəcəkləri ilə bağlı bəyanatlarını da şərh edib: “Mən sevinərdim ki, Müsavat rəhbərliyinin Rüstəm İbrahimbəyovla danışmaq istəyi elə gələcək hökumətin formalaşdırılması məsələlərilə bağlı olsun. Təki Müsavat Partiyası xalqın böyük ümidlə baxdığı Milli Şuranın qorunub-saxlanılmasında ondan gözlənilən addımları atsın”. /azadlıq.info



Teqlər:  





Xəbər lenti