`Hökumət qənaət rejiminə keçib` - Samir Şərifov
Onun sözlərinə görə, beynəlxalq iqtisadi qurumlar üzrə verilən proqnozlarda qlobal iqtisadiyyatın artırılması nəzərdə tutulsa da, əksinə baş verib: “Qlobal iqtisadiyyatın 0,3 faiz artım sürəti azalıb. Azərbaycan iqtisadiyyatına da bunun təsirləri olub. Bank sektorunun maliyyə dayanıqlığı zəifləyib. Bütövlükdə isə əsas öhdəliklərin maliyyə təminatına nail olunub”.
Nazir bildirib ki, icmal büdcənin gəlirləri 18, 4 milyard manat, xərcləri isə 21 milyard manat icra olunub: “Qeyri-neft daxilolmalar üzrə 2015-ci il üçün 7 milyard, yaxud 107,8 faiz icra edilib. Ümumiyyətlə isə, qeyri- neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi büdcədə 41, 6 faiz təşkil edib.
Hökumət 2015 – ci ilin ortalarından qənaət rejiminə keçib. Ancaq sosial öhdəliklərin tam icrası təmin olunub. Bəzi lüzumsuz xərclər, investisiya layihələri təxirə salınıb. Bunun hesabına xərclərin qənaətinə nail olunub”.
S.Şərifov qeyd edib ki, büdcə gəlirlərinin azalmasının digər səbəbi də hökumətin düşünülmüş şəkildə Dövlət Neft Fondundan transfertin azalmasına getməsidir. Bu da hökuməıt tərəfindən görükləın tədbirlərdən biridir.
“Əsas vəzifə şaxələnməyə nail olmaqdır. Bu da qeyri neft sektorunun inkişafı deməkdir. Büdcənin artan hissəsini qeyri neft sektorundan gəlirlər hesabına icra edilib. Devalvasiya ilə bağlı xarici borclara xidmətlə bağlı xərclər manat ekvivalentində məntiqi olaraq artıb”.
Qeyd edək ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438,0 mln. manat proqnoza qarşı 90,0 faiz icra olunaraq 17 498,0 mln. manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9 faiz azdır. 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 7278,1 mln. manat və ya 107,8 faiz icra edilməklə, proqnozla nəzərdə tutulduğundan 528,1 mln. manat, 2014-cü illə müqayisədə 1 021,6 mln. manat və ya 16,3 faiz çox təşkil edib. 2015-ci ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,3 faiz olub ki, bu da 2014-cü ilə nisbətən 1,9 faiz-bənd çoxdur.
2015-ci il dövlət büdcəsinin xərcləri 21100,0 mln. manat proqnoza qarşı 17784,5 mln. manat və ya 84,3 faiz icra edilib. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 32,7 faiz təşkil edib.
Anar Kəlbiyev
AzVision.az